Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarət iddialarını yenidən rədd edib.
MSNews.az xəbər verir ki, Frederiksen Ankarada keçirilən NATO sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Qrenlandiyanın satılmadığını bildirib. Danimarka hökumətinin başçısı “Qrenlandiya, əlbəttə, satılmır” deyərək adanın ABŞ-ın bir hissəsi olmaq istəmədiyini vurğulayıb.
“Reuters” yazır ki, Frederiksen Danimarkanın NATO ərazisinin, o cümlədən Danimarka Krallığının bütün hissələrinin müdafiəsinə hazır olduğunu deyib. Baş nazirin açıqlaması Trampın NATO sammitində Qrenlandiyanın Danimarka deyil, ABŞ tərəfindən idarə olunmalı olduğunu təkrar etməsindən sonra səslənib.
Frederiksen bildirib ki, Qrenlandiya məsələsində əsas prinsip adanın öz xalqının iradəsidir. Danimarka lideri həmçinin ABŞ və digər müttəfiqlərdən Danimarka Krallığının suverenliyinə hörmət gözlədiyini qeyd edib.
Danimarka tərəfi eyni zamanda Arktikada təhlükəsizlik üzrə ABŞ-la hərbi əməkdaşlığın davam etdirilməsinə açıq olduğunu bildirib. Frederiksenin sözlərinə görə, Kopenhagen Vaşinqtonla bu istiqamətdə əməkdaşlığı genişləndirmək istəyir, lakin bu, Qrenlandiyanın statusu ilə bağlı mövqeyi dəyişmir.
Tramp isə Ankaradakı NATO sammitində Qrenlandiyanın strateji əhəmiyyətini əsas gətirərək ABŞ nəzarətinin zəruri olduğunu iddia edib. ABŞ Prezidenti Danimarkanın Qrenlandiyaya kifayət qədər sərmayə yatırmadığını və Arktikada Çin və Rusiyanın fəallığının Vaşinqton üçün təhlükə yaratdığını bildirib.
Qrenlandiya Danimarka Krallığının tərkibində geniş muxtariyyətə malik ərazidir. Adanın rəhbərliyi və Danimarka hökuməti əvvəlki illərdə də Trampın Qrenlandiya ilə bağlı təkliflərini rədd edərək, ərazinin “satılmadığını və satılmayacağını” bəyan etmişdi.