Tramp: “Onlar xəstə insalardır, onlar dəlidirlər”

ABŞ Prezidenti Donald Tramp Ankarada NATO sammiti çərçivəsində İranla müvəqqəti razılaşmanın “bitdiyini” bildirib. O, Tehranla danışıqları “vaxt itkisi” adlandırıb, İspaniya və Türkiyə ilə bağlı da sərt açıqlamalar verib.

17

ABŞ Prezidenti Donald Tramp İranla müvəqqəti atəşkəs razılaşmasının artıq qüvvədə olmadığını bildirib.

MSNews.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Tramp bu açıqlamanı Ankarada keçirilən NATO sammiti çərçivəsində alyansın Baş katibi Mark Rütte ilə görüşü zamanı verib. ABŞ lideri İranla imzalanmış anlaşmanın “bitdiyini” deyərək Tehranla işləmək istəmədiyini bildirib.

“Associated Press” yazır ki, Tramp İranla danışıqların davam etməsinə icazə verəcəyini desə də, bu prosesin nəticəsinə şübhə ilə yanaşıb və “onlarla iş görmək vaxt itkisidir” ifadəsini işlədib.

Gərginlik ABŞ-ın İran hədəflərinə yeni zərbələr endirməsindən sonra artıb. Vaşinqton bu zərbələri Hörmüz boğazında üç kommersiya gəmisinə hücumlara cavab kimi əsaslandırıb. ABŞ Mərkəzi Komandanlığı İranın hava hücumundan müdafiə sistemləri, radarlar və İnqilab Keşikçiləri Korpusuna aid 60-dan çox kiçik qayığın vurulduğunu açıqlayıb.

The Guardian” isə Trampın İran rəhbərliyini sərt ifadələrlə tənqid etdiyini və onları “xəstə insanlar” adlandırdığını yazıb. Mənbəyə görə, ABŞ Prezidenti İranın nüvə silahı əldə edəcəyi halda ondan istifadə edə biləcəyini iddia edib.

Ankaradakı çıxışı zamanı Tramp İspaniyanı da hədəfə alıb. “Reuters”in məlumatına görə, o, İspaniyanın NATO müdafiə xərcləri ilə bağlı mövqeyinə görə ABŞ-ın bu ölkə ilə ticarəti dayandırmasını istədiyini bildirib. İspaniya hökuməti isə açıqlamaları “adi gündəm” kimi qiymətləndirib və Vaşinqtonla münasibətlərin “əla” olduğunu bildirib.

Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə də danışıb. “Times of Israel” yazır ki, ABŞ lideri Ərdoğanı “güclü” və “ağıllı” lider kimi xarakterizə edib, həmçinin Türkiyənin hərbi baxımdan güclü ölkə olduğunu və F-35 almağa çalışdığını bildirib. Eyni mənbə Trampın Ərdoğanın İran müharibəsinə qoşulmadığını öz təsiri ilə əlaqələndirdiyini yazıb.