Misir millisinin baş məşqçisi Hossam Hassan və komandanın futbolçusu Mostafa Ziko DÇ-2026-nın 1/8 finalında Argentinaya 2:3 hesablı məğlubiyyətdən sonra FIFA və hakimliklə bağlı sərt ittihamlar səsləndiriblər.
MSNews.az xəbər verir ki, qarşılaşma iyulun 7-də Atlantada keçirilib, oyunu fransalı hakim Fransua Leteksye idarə edib və Argentina 3:2 hesabı ilə qalib gəlib.
Misir Yasser Ibrahim və Mostafa Zikonun qolları ilə 2:0 önə keçsə də, Argentina son dəqiqələrdə Kristian Romero, Lionel Messi və Enzo Fernandezin qolları ilə geridönüş edərək 1/4 finala yüksəlib. Misirin daha bir qolu VAR yoxlamasından sonra ləğv olunub.
Oyundan sonra Hossam Hassan hakim qərarlarını ədalətsiz adlandırıb. Misirli mütəxəssis komandasının penalti almalı olduğunu, qolun ləğv edilməsinin səbəbini anlamadığını və turnirin qalan oyunlarını izləməyəcəyini bildirib.
“The Guardian” Hassanın FIFA-nı kommersiya maraqları fonunda Argentinanı turnirdə saxlamaqda ittiham etdiyini yazıb. Məşqçi Lionel Messinin mundialda qalmasının istənildiyini iddia edib və Misirin daha yaxşı oynadığını bildirib.
Hassan “kubokun Argentinaya doğru yönəldildiyini” deyib, Ziko isə hakimliyin açıq şəkildə Misirin əleyhinə olduğunu bildirib. Hazırda bu ittihamlarla bağlı FIFA-nın rəsmi cavabı açıqlanmayıb.
Zikonun daha sərt ifadələr işlətməsi barədə də məlumatlar yayılıb. “Times of India” futbolçunun “turnir saxtalaşdırılıb” dediyini yazıb.