Azərbaycanda yeni elmi-publisistik və analitik jurnal layihəsi işıq üzü görüb.
MSNews.az xəbər verir ki, siyasi araşdırmaçılar Kamran Sultanli, Nasir Ağayev və tərəfdaşlarının təşəbbüsü ilə hazırlanan “Caucasian Live” adlı jurnalın ilk buraxılışı yayımlanıb.
Layihə uzun müddətdir “Telegram” seqmentində və daha geniş informasiya məkanında siyasi, geosiyasi və analitik məzmunlar hazırlayan komandanın yeni formatda təqdim etdiyi təşəbbüs kimi diqqət çəkir. Jurnalın məqsədi oxuculara regional və qlobal proseslərə daha geniş, analitik və alternativ baxış bucağı təqdim etməkdir.
“Caucasian Live”ın ilk buraxılışında geosiyasət, İslam dünyasının siyasi böhranları, Qərbin Şərq təsəvvürü, sionizm ideologiyası, İsrailin təhlükəsizlik modeli, ABŞ-İran münasibətlərinin tarixi epizodları və Polşa-Ukrayna münasibətləri kimi mövzular yer alıb.
İlk buraxılışda təqdim olunan məqalə və təhlillər bunlardır:
01. “Geosiyasi şahmat: kim uddu, kim uduzdu?” — Natiq Cəfərli
02. “Süni sərhədlər: İslam dünyasının böhran xəritəsi” — Nəsir Ağayev
03. “Oriyentalizm: Qərbin Şərq təsəvvürü necə quruldu?” — Hüdayi Şirinli
04. “Sionizm: ideologiyadan dövlətə” — Emil Paşayev
05. “Super Sparta: İsrailin təhlükəsizlik kodu” — Novruzəli Yusubzadə
06. “Eagle Claw: səhrada bitən prezidentlik” — Pünhan Babayev
07. “Polşa-Ukrayna: yaddaşın sərhədləri” — Toğrul Həsənzadə
Bu tip elmi-publisistik jurnallar dünyanın bir çox ölkəsində geniş oxucu auditoriyasına malikdir və cəmiyyətin siyasi, tarixi və beynəlxalq proseslərə daha analitik yanaşmasına töhfə verir. “Caucasian Live” layihəsi də Azərbaycanda bu istiqamətdə yeni platformalardan biri kimi təqdim olunur.
Layihənin ilk buraxılışı həm mövzu müxtəlifliyi, həm də müəllif heyətinin fərqli baxış bucaqları ilə seçilir. Jurnalın növbəti buraxılışlarında da regional proseslər, qlobal siyasət, ideologiyalar, təhlükəsizlik və tarixi mövzular üzrə analitik materialların təqdim olunacağı gözlənilir.
Jurnalın ilk buraxılışını teleqram kanalımızdan yükləyə bilərsiniz: