Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Bakı Ukraynanın Nikolayev vilayətində SOCAR yanacaqdoldurma məntəqəsinə dron hücumu ilə bağlı Moskvaya etiraz notası təqdim edib.

22

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

MSNews.az xəbər verir ki, görüş zamanı iyulun 5-i axşam saatlarında Ukraynanın Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə bağlı Rusiya tərəfinə kəskin etiraz bildirilib və etiraz notası təqdim olunub.

Bakı hücum nəticəsində Azərbaycan şirkətinə məxsus obyektə ziyan dəyməsini ciddi narahatlıq doğuran hadisə kimi qiymətləndirib. Məlumata görə, söhbət Nikolayev vilayətinin Neçayane kəndində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsindən gedir.

Daha əvvəl “SOCAR Energy Ukraine” şirkəti məntəqənin Rusiyaya məxsus “Şahed” tipli üç zərbə PUA-sı ilə hədəfə alındığını açıqlamışdı. Hücum nəticəsində stansiyada partlayış baş verib, yanacaqdoldurma məntəqəsinin inzibati binasına ziyan dəyib.

Şirkətin məlumatına görə, hava həyəcanı zamanı bütün əməkdaşlar sığınacaqda olduqları üçün SOCAR əməkdaşları arasında xəsarət alan olmayıb. Zərbələrdən birinin saat 19:16-da, digərinin 19:33-də endirildiyi qeyd olunub.

Ukrayna mediası hücum nəticəsində yanacaqdoldurma məntəqəsində yanğın baş verdiyini və bir qadının yaralandığını da bildirib. Bununla belə, SOCAR-ın açıqlamasında şirkət əməkdaşları arasında xəsarət alan olmadığı xüsusi vurğulanır.

Qeyd edək ki, bu, son dövrdə Ukrayna ərazisində Azərbaycanla əlaqəli obyektlərin Rusiya zərbələri fonunda zərər görməsi ilə bağlı ilk diplomatik insident deyil. 2025-ci ilin noyabrında da Azərbaycan XİN Rusiyanın Kiyevə raket və dron hücumları zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyməsi ilə əlaqədar Rusiya səfirini çağıraraq etiraz bildirmişdi.

Hadisə Azərbaycan-Rusiya münasibətlərində Ukrayna müharibəsi fonunda növbəti diplomatik gərginlik kimi qiymətləndirilir.