Pistorius AfD-yə məxfi məlumat verilməsinə qarşı çıxdı

Almaniyanın müdafiə naziri Boris Pistorius ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasının potensial torpaq nazirlərinin məxfi informasiya mübadiləsindən kənarlaşdırılmasını dəstəkləyib. O, buna səbəb kimi AfD-nin Rusiya və Vladimir Putinlə əlaqələrini göstərib.

19

Almaniyanın müdafiə naziri Boris Pistorius ifrat sağçı “Almaniya üçün Alternativ” — AfD partiyasının məxfi dövlət məlumatlarına çıxışının məhdudlaşdırılmasını dəstəkləyib.

MSNews.az xəbər verir ki, Pistorius potensial AfD nazirlərinin federal torpaq administrasiyalarında məxfi informasiya mübadiləsində iştirak edən şəxslər siyahısından çıxarılmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, bu məsələ milli təhlükəsizlik baxımından diqqətlə araşdırılır.

Almaniya müdafiə naziri əsas səbəb kimi AfD-nin Moskva və Rusiya Prezidenti Vladimir Putinlə yaxın əlaqələrini göstərib. Pistorius “Bild am Sonntag”a açıqlamasında “Putinə yaxınlıq göz qabağındadır. Rusiyadan pul daxil olması ehtimalı da gündəmdədir” deyib.

Nazir bildirib ki, AfD nümayəndələrinin açıq bəyanatlarını dinləmək belə partiyanın Rusiya ilə münasibətləri barədə narahatlıq yaratmağa kifayətdir. Pistoriusun sözlərinə görə, belə şəxslərin məxfi məlumatlara çıxış əldə etməsi yolverilməzdir.

Məsələ xüsusilə Saksoniya-Anhalt torpağında keçiriləcək seçkilər fonunda aktuallaşıb. Sorğular AfD-nin burada mütləq çoxluq qazanmaq və ilk dəfə federal torpaq hökuməti formalaşdırmaq şansının olduğunu göstərir. Bu halda partiyanın nümayəndələri daxili təhlükəsizlik, polis və kəşfiyyat strukturları ilə bağlı həssas məlumatlara çıxış əldə edə bilər.

Almaniyanın federal sistemində 16 torpaq hökuməti polis, daxili təhlükəsizlik və bəzi kəşfiyyat istiqamətlərində geniş səlahiyyətlərə malikdir. Buna görə də AfD-nin hər hansı torpaqda hökumət qurması federal səviyyədə təhlükəsizlik məlumatlarının mübadiləsi ilə bağlı ciddi hüquqi və siyasi suallar yarada bilər.

Qeyd edək ki, AfD Almaniyada Rusiya ilə yaxın əlaqələrə görə uzun müddətdir tənqid olunur. Daha əvvəl Almaniya rəsmiləri AfD deputatlarının parlament sorğuları vasitəsilə kritik infrastruktur, polis, ordu və təhlükəsizlik obyektləri barədə həssas məlumat toplamağa çalışdığını iddia etmişdilər.

Pistoriusun açıqlaması Almaniyada AfD-nin mümkün hakimiyyətə gəlişi, məxfi məlumatların qorunması və Rusiya təsiri ilə bağlı müzakirələri daha da gücləndirib.