SEPAH gəmilərin marşrutunu dəyişdirdiyini iddia edir

İranın “Fars” agentliyi SEPAH Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında Oman marşrutu ilə hərəkət edən bir neçə gəminin kursunu dəyişməsinə səbəb olduğunu yazıb. Məlumat müstəqil şəkildə təsdiqlənməyib.

30

İran İnqilab Keşikçiləri Korpusunun — SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında bir neçə gəminin marşrutuna təsir göstərdiyi iddia olunur.

MSNews.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb. Agentlik dəniz izləmə məlumatlarına istinadən bildirib ki, SEPAH qüvvələrinin Hörmüz boğazında fəaliyyəti fonunda Oman koridorundan istifadə etməyə çalışan 8 gəmi kursunu dəyişib və ya hərəkətini dayandırıb.

Fars”ın digər məlumatında qeyd olunur ki, Oman marşrutu ilə bağlı xəbərdarlıqlardan sonra bir sıra gəmilər bu xəttdən imtina edərək İran tərəfindən müəyyən edilən marşrutlara yönəlib. Agentlik bunu SEPAH-ın bölgədə dəniz hərəkətinə nəzarəti gücləndirməsi kimi təqdim edib.

İran tərəfi daha əvvəl də xəbərdarlıq etmişdi ki, Hörmüz boğazında “rəsmi müəyyən olunmuş marşrutlardan” kənar hərəkət edən gəmilər üçün risklər yarana bilər. “Fars”ın məlumatına görə, SEPAH qeyri-rəsmi marşrutlardan istifadənin təhlükəli olduğunu və bunun gəmi sahibləri, operatorlar və kapitanlar üçün məsuliyyət doğura biləcəyini bildirib.

Hadisə ilə bağlı gəmilərin adları, bayraqları və hansı istiqamətə yönləndirildiyi barədə hələlik ətraflı məlumat verilməyib. Məlumatın İran mənbələrinə əsaslandığı və müstəqil beynəlxalq qurumlar tərəfindən tam təsdiqlənmədiyi nəzərə alınmalıdır.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan əsas dəniz keçidlərindən biridir. Son həftələrdə İranın bu bölgədə gəmiçilik marşrutları ilə bağlı xəbərdarlıqları beynəlxalq narahatlıq yaradıb. “Al Jazeera” yazır ki, SEPAH kommersiya gəmilərinə yalnız Tehran tərəfindən təsdiqlənən marşrutlardan istifadə etmələri barədə xəbərdarlıq edib.

Beynəlxalq müşahidəçilər isə bölgədəki vəziyyətin gəmiçilik təhlükəsizliyi və enerji bazarları üçün risk yaratdığını bildirirlər. “Iran International”ın məlumatına görə, bəzi gəmilər İranın xəbərdarlıqlarına baxmayaraq Oman sahillərinə yaxın cənub marşrutundan istifadə etməyə davam edir.