“Sinxua”nın ABŞ paylaşımı müzakirə yaratdı

Çinin dövlət agentliyi “Sinxua” ABŞ-ın 250 illiyi ilə bağlı yayımladığı materialda Vaşinqtonun daxili siyasi qütbləşməsi və xarici siyasətini tənqid edib. Paylaşım sosial şəbəkələrdə istehzalı “təbrik” kimi müzakirə olunub.

12

Çinin dövlət informasiya agentliyi “Sinxua”nın ABŞ-ın 250 illiyi münasibətilə yayımladığı material sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

MSNews.az xəbər verir ki, “Sinxua” iyulun 4-də “250 yaşında ‘Amerika eksperimenti’ ciddi sınaqlarla üz-üzədir” başlıqlı şərh dərc edib. Agentlik materialda ABŞ-ın 250-ci ilinə daxili siyasi qütbləşmə, beynəlxalq rolu ətrafında mübahisələr və siyasi modelinə inamın zəifləməsi fonunda daxil olduğunu yazıb.

Məqalədə Vaşinqtonun “demokratiya, suverenlik və hüququn aliliyi” prinsiplərini müdafiə etdiyini bəyan etməsinə baxmayaraq, xarici siyasətdə güc, təzyiq və iqtisadi sanksiyalardan istifadə etdiyi iddia olunur. “Sinxua” ABŞ-ın son 250 ildəki əsas sualının artıq yalnız əldə etdiyi nailiyyətlər deyil, həm də institutlarının daxili problemləri həll edib-etməməsi olduğunu vurğulayıb.

Çin agentliyi həmçinin ABŞ-ın yeni çoxqütblü beynəlxalq sistemə uyğunlaşmalı olduğunu qeyd edib. Şərhdə qlobal liderliyin artıq dünyanı öz modelinə uyğun formalaşdırmaqla deyil, müxtəlif inkişaf yollarına hörmət və bərabər tərəfdaşlıq əsasında müəyyənləşməli olduğu bildirilib.

Materialın tonu sosial şəbəkələrdə diqqət çəkib. İstifadəçilər “Sinxua”nın məqaləsini ABŞ-a ünvanlanmış rəsmi, lakin sərt və istehzalı “təbrik” kimi qiymətləndiriblər. Bəzi şərhlərdə paylaşımın diplomatik nəzakət formasında təqdim olunsa da, əslində Vaşinqtonun daxili və xarici siyasətinə yönəlmiş tənqid xarakteri daşıdığı vurğulanıb.

Qeyd edək ki, ABŞ iyulun 4-də Müstəqillik Gününü və ölkənin qurulmasının 250 illiyini qeyd edib. Bu münasibətlə bir sıra dünya liderləri Vaşinqtona təbrik ünvanlayıblar. “Sinxua”nın paylaşımı isə ənənəvi təbriklərdən fərqli olaraq tənqidi və siyasi məzmunu ilə seçilib.