Ben Qvir Nyu-York səfərini ləğv etdi

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvirin BMT-nin Polis Rəisləri Sammitində iştirak üçün Nyu-Yorka planlaşdırılan səfəri ləğv olunub. Məlumatlara görə, qərar hüquqi təzyiq və etiraz çağırışları fonunda verilib.

14

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvirin ABŞ-a planlaşdırılan səfəri baş tutmayacaq.

MSNews.az xəbər verir ki, Ben Qvir Nyu-Yorkda keçiriləcək BMT-nin Polis Rəisləri Sammitində iştirak etməli idi. “The Jerusalem Post” yazır ki, səfərin ləğvi ilə bağlı məlumat hüquq müdafiə təşkilatlarının ABŞ hakimiyyətinə müraciətlərindən sonra yayılıb. Nəşr qeyd edir ki, Ben Qvirin ofisi səfərin məhz hüquqi təzyiq və ya etirazlar səbəbindən ləğv edildiyini təsdiqləməyib.

The Times of Israel”-in məlumatına görə, Ben Qvirin BMT-nin Polis Rəisləri Sammiti üçün iyulun 7-8-də Nyu-Yorka səfər edəcəyi bildirilirdi, lakin səfər rəsmi şəkildə təsdiqlənməmişdi və daha sonra ləğv olunduğu barədə məlumat yayıldı. Nəşrə danışan nümayəndə səfərin baş tutmayacağını bildirib.

Məlumatlara əsasən, bir sıra hüquq müdafiə təşkilatları ABŞ orqanlarını Ben Qvirin həbsxana siyasəti və İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları ilə bağlı onun məsuliyyətinin araşdırılmasına çağırıb. Hüquq müdafiəçiləri ABŞ hakimiyyətindən Ben Qvirin araşdırılması və saxlanılması üçün addım atmağı tələb ediblər.

Səfər ərəfəsində Nyu-Yorkda Ben Qvirə qarşı etiraz aksiyalarının keçirilməsi də planlaşdırılırdı. “SA Jewish Report” yəhudi təşkilatlarının da onun mümkün səfərinə qarşı etiraz hazırladığını yazıb. Bundan əvvəl, 2025-ci ildə Ben Qvirin Nyu-Yorka səfəri zamanı da etirazlar və qarşıdurmalar qeydə alınmışdı.

Ben Qvirin ofisi məsələ ilə bağlı geniş rəsmi açıqlama verməyib. Bu səbəbdən səfərin ləğvinin konkret səbəbi hələlik rəsmi olaraq təsdiqlənmiş sayılmır.