Macarıstanda Prezident Tamaş Şuyokun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi istiqamətində siyasi proses başlayıb.
MSNews.az xəbər verir ki, Baş nazir Peter Madyarın hökuməti ölkə Konstitusiyasına prezidentin vəzifədən uzaqlaşdırılmasına imkan verən düzəliş təqdim edib. “Associated Press” yazır ki, Madyar keçmiş baş nazir Viktor Orban dövründə formalaşmış siyasi strukturları dəyişdirmək məqsədilə Orbanın müttəfiqi hesab olunan Prezident Tamaş Şuyokun postdan kənarlaşdırılmasını planlaşdırır.
Təşəbbüsün parlamentdə qəbul ediləcəyi gözlənilir. “Reuters”-in məlumatına görə, Madyarın “Tisza” Partiyası apreldə keçirilən seçkilərdə böyük qələbə qazanaraq parlamentdə üçdəiki çoxluq əldə edib. Bu isə hökumətə Konstitusiyaya dəyişiklik etmək imkanı verir.
Şuyok 2024-cü ildə Orbanın “Fidesz” Partiyasının dəstəyi ilə prezident seçilib. Macarıstanda prezident postu əsasən mərasim xarakteri daşısa da, dövlət başçısı qanunları yenidən parlamentə qaytara və ya Konstitusiya Məhkəməsinə göndərə bilər. Madyar hökuməti isə Şuyokun islahatların qarşısını ala biləcəyini bildirir.
Prezident daha əvvəl könüllü istefaya çağırışları rədd edib. “Reuters”-ə istinadən yayılan məlumata görə, Şuyok “istefamı əsaslandıra biləcək hüquqi və konstitusion səbəb yoxdur” deyib və səlahiyyət müddəti bitənədək vəzifəsini icra etmək niyyətində olduğunu bildirib.
Macarıstan Konstitusiyasına əsasən, prezidentin səlahiyyət müddəti beş ildir. “Telex” yazır ki, Şuyokun hazırkı səlahiyyət müddəti 2029-cu il martın 4-də başa çatmalı idi. Yeni düzəliş qəbul edilərsə, onun prezidentlik dövrü müddət bitmədən dayandırılacaq.
Sulyokun ofisi məsələnin hüquqi tərəfinin qiymətləndirilməsi üçün Venesiya Komissiyasına müraciət edib. “Euronews” bildirir ki, Komissiya ekspertləri Madyar hökumətinin prezidentin vəzifədən uzaqlaşdırılması təşəbbüsünü araşdıracaq.
Düzəliş təsdiqlənərsə, Macarıstan parlamenti artıq bu yay yeni dövlət başçısını seçə bilər. Bu proses ölkədə Viktor Orban dövründən qalan siyasi institutların dəyişdirilməsi istiqamətində ən ciddi addımlardan biri kimi qiymətləndirilir.