İranda SEPAH donanmasına yeni komandan təyin edilib

İran mediası SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə admiral Əli Ozmainin rəhbərlik edəcəyini yazıb. O, martda İsrail zərbəsi nəticəsində öldüyü bildirilən Əlirza Təngsirini əvəz edir.

16

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun — SEPAH-ın Hərbi Dəniz Qüvvələrində yeni rəhbərlik formalaşıb.

MSNews.az xəbər verir ki, İran mediası admiral Əli Ozmainin SEPAH Hərbi Dəniz Qüvvələrinin yeni komandanı kimi təqdim olunduğunu yazıb. “İRNA” SEPAH-a istinadən yayımladığı məlumatda kontr-admiral Ozmaini “SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı” kimi təqdim edib.

Hamshahri Online” yazır ki, Ozmai daha əvvəl SEPAH donanmasının 5-ci dəniz bölgəsinə rəhbərlik edib və indi mərhum admiral Əlirza Təngsirini əvəz edir. Nəşr eyni zamanda qeyd edir ki, təyinat ayrıca rəsmi fərmanla deyil, SEPAH ictimaiyyətlə əlaqələr bölməsinin yaydığı mesajda onun komandan kimi təqdim olunması ilə gündəmə gəlib.

“Fararu”-nun məlumatına görə, Əli Ozmai 2012-ci ildən SEPAH donanmasının 5-ci bölgəsinə rəhbərlik edib. Bu bölgənin əməliyyat zonası Qeşm adasının son hissəsindən Kiş adasının qərbinə qədər uzanır və Fars körfəzindəki mühüm adaları əhatə edir. Mənbə bildirir ki, Ozmai bundan əvvəl SEPAH donanmasının 1-ci bölgəsində komandan müavini olub və 2022-ci ildə general rütbəsinə yüksəldilib.

SEPAH donanmasının əvvəlki komandanı Əlirza Təngsiri mart ayında öldürülüb. “Reuters”-in məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı Təngsirinin İsrailin hava zərbəsi nəticəsində öldüyünü təsdiqləmişdi. Təngsiri 2018-ci ildən SEPAH Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edirdi və xüsusilə Hörmüz boğazı ilə bağlı sərt mövqeyi ilə tanınırdı.

Yeni komandanın ilk açıqlamaları da sərt ritorika ilə müşayiət olunub. “İRNA” Ozmainin bəyanatına istinadən yazır ki, o, ABŞ və İsrailə qarşı “intiqam” mesajı verib və SEPAH donanmasının Hörmüz boğazındakı rolunu xüsusi vurğulayıb.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri İranın Fars körfəzi və Hörmüz boğazı istiqamətində əsas hərbi strukturlarından biri hesab olunur. Bu səbəbdən Ozmainin təyinatı regionda ABŞ-İsrail-İran gərginliyinin davam etdiyi bir vaxtda diqqətlə izlənilir.