Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Donetsk vilayətindəki Konstantinovka şəhərini tam ələ keçirməsi barədə iddiasını təkzib edib.
MSNews.az xəbər verir ki, Ukrayna Baş Qərargahının sözçüsü Andrey Kovalyev “Ukrainska Pravda”-ya açıqlamasında Konstantinovkanın Ukrayna Müdafiə Qüvvələrinin nəzarətində olduğunu bildirib. Onun sözlərinə görə, “Şərq” qoşun qruplaşmasının 19-cu ordu korpusunun bölmələri şəhər daxilində və ona yaxınlaşma istiqamətlərində müəyyən mövqelərdə müdafiə əməliyyatlarını davam etdirir.
Kovalyev qeyd edib ki, Rusiya qüvvələri şəhəri ələ keçirmək cəhdlərindən əl çəkmir. Onun sözlərinə görə, azsaylı piyada qruplarının — 1-3 nəfərlik dəstələrin Ukrayna qoşunlarının döyüş düzülüşlərinin dərinliyinə sızması halları qeydə alınır. Şəhərdə Müdafiə Qüvvələrinin əks-diversiya tədbirləri davam edir. Baş Qərargah nümayəndəsi bildirib ki, iyulun 3-də Rusiya qoşunları Konstantinovka istiqamətində 11 hücum əməliyyatı həyata keçirib, lakin uğur əldə etməyib.
Daha əvvəl Rusiya tərəfi şəhərin ələ keçirildiyini bəyan etmişdi. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Vladimir Putinə məruzəsində Konstantinovkanın Rusiya qoşunlarının nəzarətinə keçdiyini iddia edib. Putin isə şəhəri Donbasda mühüm nəqliyyat və sənaye mərkəzi adlandırıb.
Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiyanın iddiasını rədd edib. “Reuters” yazır ki, Zelenski Konstantinovkanın Rusiyanın nəzarətində olması barədə bəyanatı “növbəti Rusiya yalanı” adlandırıb. Agentlik həmçinin qeyd edir ki, döyüş bölgəsindəki məlumatları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.
Konstantinovka Donetsk vilayətində Ukrayna müdafiəsi üçün mühüm məntəqələrdən biri hesab olunur. “Reuters”-in qiymətləndirməsinə görə, şəhərin ələ keçirilməsi Rusiya qüvvələrinə Slavyansk-Kramatorsk müdafiə xətti istiqamətində irəliləmək üçün əlavə dayaq nöqtəsi verə bilər. Hazırda tərəflərin şəhərlə bağlı mövqeləri ziddiyyətlidir və məlumatlar ehtiyatla qiymətləndirilməlidir.