ABŞ-ın müstəqilliyinin 250 illiyi ərəfəsində Donald Trampın yeni əfv qərarları ölkədə siyasi və hüquqi müzakirələrə səbəb olub.
MSNews.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında əvvəlcə 6 nəfəri əfv etdiyini açıqlayıb. O, həmin şəxslərin Bayden administrasiyası dövründə “avtomobillərini təmir etdiklərinə görə” təqib olunduğunu iddia edib. “CBS News”-un məlumatına görə, Tramp paylaşımında “MƏN ONLARIN HAMISINI ELƏ İNDİ AZAD EDİRƏM” ifadəsini işlədib.

Lakin sonradan Ağ Ev rəsmisi ümumilikdə 11 nəfərin əfv olunduğunu təsdiqləyib. “Associated Press” yazır ki, onlardan 9-u nəqliyyat vasitələrində emissiya nəzarət sistemlərinin deaktiv edilməsi və ya bu sistemlərdən yayınmağa imkan verən qurğuların satılması ilə bağlı “Clean Air Act” üzrə ittihamlarla üzləşib.
“Reuters”-in məlumatına görə, Trampın əfv etdiyi şəxslərin əksəriyyəti yük maşınlarında emissiya sistemlərinin dəyişdirilməsi və ya söndürülməsi ilə bağlı məhkum olunmuş şəxslərdir. Agentlik qeyd edir ki, Tramp “Truth Social” paylaşımında yalnız 6 nəfərdən danışsa da, Ağ Ev rəsmisi 11 əfv qərarını təsdiqləyib.
Əfv olunanlar arasında Rayan Lalon, Ueyd Lalon, Mett Ciuq, Tim Klensi, Mek Sparlok, Coşua Deyvis, Berry Pirs, Aaron Rudolf, Conatan Axtemayer, Adam Kidan və Cek Harvardın adları çəkilir. “Associated Press” bildirir ki, Adam Kidan vaxtilə lobbiçi Cek Abramoffla bağlı korrupsiya işi üzrə məhkum edilmiş keçmiş biznes tərəfdaşıdır. Cek Harvardın işi isə emissiya qaydaları ilə bağlı olmayan ayrıca məhkumluqla əlaqələndirilir.
Tramp bu addımı “tənzimləyici yükün aradan qaldırılması” və vətəndaşların öz avtomobillərini təmir etmək hüququ kontekstində təqdim edir. Bununla belə, “FactCheck.org” daha əvvəl Trampın oxşar açıqlamasını yoxlayaraq yazmışdı ki, bu tip işlər sadəcə “öz avtomobilini təmir etmək”lə deyil, emissiya nəzarət sistemlərinin qanunsuz şəkildə deaktiv edilməsi ilə bağlı olub.
“CBS News” daha əvvəl Trampın Şon “Diddy” Kombs da daxil olmaqla bir sıra yüksək profilli şəxslərin əfvini nəzərdən keçirdiyini yazmışdı. Lakin nə Ağ Evin təsdiqlədiyi siyahıda, nə də sonrakı məlumatlarda P. Diddinin adı əfv olunanlar arasında göstərilib.