Fransa millisinin yarımmüdafiəçisi Rayan Şerkinin Dünya Kuboku 2026-da az oyun vaxtı alması fonunda emosional gərginlik yaşadığı bildirilir.
MSNews.az “AS”-a istinadən xəbər verir ki, “L’Equipe” nəşri 21 yaşlı futbolçunun turnir zamanı həm şəxsi problemlər, həm də yığmada məhdud rol alması səbəbindən çətin dövr keçirdiyini yazıb. Məlumata görə, Şerkinin vəziyyətini son günlər yuxusuzluq da ağırlaşdırıb.
Fransa millisinin İsveçə qarşı 3:0 hesablı qələbəsindən sonra Şerkinin baş məşqçi Didye Deşamı görməzdən gəlməsi sosial şəbəkələrdə geniş müzakirə olunub. “Goal” yazır ki, futbolçu oyundan sonra Deşamın salamlaşma jestinə dərhal reaksiya verməyib və bu epizod Fransa düşərgəsində mümkün gərginlik kimi şərh olunub.
Bununla belə, “SportBible” “L’Equipe”ə istinadən yazır ki, Deşamla Şerki arasında həmin epizodla bağlı ciddi problem olmayıb. Futbolçunun davranışının məşqçiyə qarşı açıq etirazdan çox, özünə və turnirdəki vəziyyətinə görə yaşadığı məyusluqla bağlı olduğu bildirilir.
Şerki İsveçlə oyunda meydana son dəqiqələrdə daxil olub. O, 85-ci dəqiqədə Maykl Oliseni əvəzləyib. Fransa həmin görüşdə Kilian Mbappenin dublu və Bredli Barkolanın qolu ilə İsveçi 3:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Fransa millisi növbəti mərhələdə Paraqvayla qarşılaşacaq. Şerkinin həmin oyunda nə qədər şans qazanacağı hələlik məlum deyil. Fransa mediası Deşamın həm komandanın balansını qorumağa, həm də ehtiyatda qalan gənc futbolçuların emosional durumunu idarə etməyə çalışdığını yazır.