İran TV Qalibafın müsahibəsini yarımçıq kəsdi

İran dövlət televiziyası parlament sədri Məhəmməd Baqir Qalibafın ABŞ-la razılaşma və daxili tənqidçilərlə bağlı müsahibəsini tam başa çatmadan dayandırıb.

20

İran dövlət televiziyası parlament sədri Məhəmməd Baqir Qalibafın ABŞ-la danışıqlar və daxili tənqidçilərlə bağlı müsahibəsini tam başa çatmadan dayandırıb.

MSNews.az xəbər verir ki, hadisə İranın “Şəbəkə Xəbər” kanalında yayımlanan xüsusi müsahibə zamanı baş verib.

“Fars” agentliyi yazır ki, Qalibafın əvvəlcədən yazılmış müsahibəsi çıxış tam başa çatmadan dayandırılıb. Məlumata görə, İran Dövlət Teleradiosu müsahibənin ikinci hissəsinin növbəti gün yayımlanacağını bildirib.

“Fars”ın məlumatına əsasən, proqram İran və ABŞ arasında anlaşma memorandumu ilə bağlı suallara həsr olunmuşdu. Dövlət televiziyası bildirib ki, müsahibənin davamının ayrıca hissə kimi təqdim ediləcəyi barədə efirin sonunda altyazı da göstərilib.

Lakin hadisə İran daxilində siyasi müzakirələrə səbəb olub. “Entekhab” yazır ki, kəsilmə Qalibafın ABŞ-la anlaşma, sanksiyaların aradan qaldırılması, Hörmüz boğazı və ölkə daxilində danışıqlara qarşı çıxan dairələr barədə danışdığı vaxt baş verib.

Qalibaf çıxışında daxili tənqidçilərə müraciət edərək bildirib ki, siyasi problemlər səbəbindən “xalqın hüquqları” zərər görməməlidir.

O, həmçinin ABŞ Prezidenti Donald Trampın açıqlamalarına istinad edənləri tənqid edib və onları İran tərəfinin mövqeyini də dinləməyə çağırıb.

Qalibafın sözlərinə görə, İran ABŞ-la danışıqlar çərçivəsində müəyyən maddələr üzrə razılaşma əldə edib, lakin ilk bəndlər icra olunmadan növbəti mərhələyə keçməyəcək.

O, anlaşma memorandumunda İranın xaricdəki aktivləri, sanksiyaların aradan qaldırılması və neft satışı ilə bağlı müddəaların yer aldığını iddia edib. Qalibaf bildirib ki, 24 milyard dollarlıq aktivin 12 milyard dolları Mərkəzi Bankın sərəncamına verilməlidir.

“Iran International” yazır ki, İran parlamentinin media mərkəzi Qalibafın müsahibəsində bəzi hissələrin efirə verilmədiyini açıqlayıb. Bildirilib ki, kəsilən hissələrdə Beynəlxalq Atom Enerjisi Agentliyinin yoxlamaları ilə bağlı iddialar, dondurulmuş aktivlərin azad edilməsi, 300 milyard dollarlıq yenidənqurma krediti, həmçinin Donald Trampın açıqlamalarına cavablar yer alıb.

Parlamentin media mərkəzinin məlumatına görə, efirdən çıxarılan hissələr arasında İran ali rəhbərinin 18 iyun tarixli mesajına dair izahlar da olub.

Hadisə İran siyasi elitası daxilində ABŞ-la anlaşma məsələsində fikir ayrılıqlarının davam etdiyini göstərən yeni epizod kimi qiymətləndirilir.

Qalibaf son aylarda ABŞ-la dolayı danışıqların əsas simalarından biri kimi çıxış edir. Onun mövqeyi daha sərt xətt tərəfdarları tərəfindən tənqid olunur. Bu dairələr Vaşinqtonla anlaşmanın Tehran üçün riskli olduğunu iddia edirlər.

Qalibaf isə çıxışlarında razılaşmanı İranın geri çəkilməsi yox, əksinə, Vaşinqtonun güzəştə getməsi kimi təqdim edir. O, sənədi “ABŞ-ın məğlubiyyəti” adlandırır və İranın öz strateji üstünlüklərindən, xüsusilə Hormuz boğazındakı mövqeyindən imtina etməyəcəyini bildirir.

İran dövlət televiziyasının müsahibəni yarımçıq dayandırması isə ölkədə media üzərində siyasi nəzarət və hakim düşərgə daxilində rəqabət barədə yeni suallar yaradıb.

Rəsmi Tehran hələlik hadisənin senzura olub-olmaması ilə bağlı ayrıca geniş izahat verməyib. Dövlət televiziyası yalnız müsahibənin ikinci hissəsinin növbəti gün yayımlanacağını açıqlayıb.