Lukaşenko Pekin səfəri ilə Moskvaya mesaj verdi – ŞƏRH

Pərviz Əliyev hesab edir ki, Lukaşenkonun Pekin səfəri Belarusun Çinlə təhlükəsizlik və logistika maraqları fonunda Moskvaya siyasi mesajıdır.

194

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiya lideri Vladimir Putinlə görüşdən sonra Pekinə səfəri siyasi baxımdan təsadüfi addım deyil.

Siyasi araşdırmaçı, Çin üzrə mütəxəssis Pərviz Əliyevin fikrincə, Lukaşenko bu səfərlə hər kəsə onun əsas himayədarlarından birinin Pekin olduğunu göstərmək istəyib.

“Putinə səfərdən sonra heç bir ciddi açıqlama verilmədi. Ardınca Lukaşenkonun Pekinə getməsi isə Minsk üçün Çinin sadəcə iqtisadi tərəfdaş yox, həm də siyasi təhlükəsizlik dayağı olduğunu nümayiş etdirmək məqsədi daşıyırdı”, – deyə Pərviz Əliyev bildirib.

Araşdırmaçının sözlərinə görə, Çin-Belarus münasibətlərinin diplomatik statusu da bu mənzərəni tamamlayır. O qeyd edib ki, Pekin Minsk ilə münasibətləri “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə qaldırıb və bu, Çinin Belarusla bağlı müsbət siyasi baxışını göstərir.

“Çinin diplomatik terminologiyasında bu cür ifadələr təsadüfi seçilmir. Bu status ölkənin real iqtisadi və strateji çəkisindən daha çox, Pekinin ona siyasi etimadını və həmin ölkənin Tayvan, ‘Bir Kəmər, Bir Yol’ təşəbbüsü kimi məsələlərdə Çinə verdiyi dəstəyi əks etdirir”, – deyə Pərviz Əliyev vurğulayıb.

Onun fikrincə, Lukaşenkonun Ukrayna müharibəsində Rusiyanın yanında daha açıq şəkildə yer almamasının əsas səbəblərindən biri də məhz Çin faktorudur. Belarus həm Rusiyanın iqtisadi-siyasi dəstəyindən, həm də Çinin Avropa istiqamətindəki logistika marşrutlarından asılıdır.

“Lukaşenko özünü faktiki olaraq Çinin virtual protektoratına çevirib. Putin isə müharibə şəraitində Çindən ciddi şəkildə asılı olduğu üçün Pekinin maraqlarını açıq şəkildə görməzdən gələ bilmir”, – deyə siyasi araşdırmaçı bildirib.

Pərviz Əliyev hesab edir ki, Çin üçün Belarusun döyüş meydanına çevrilməsi arzuolunan deyil. Çünki Belarus ərazisindən keçən “Bir Kəmər, Bir Yol” dəhlizi Pekin üçün mühüm logistika xəttidir.

“Çinə Belarusun müharibə zonasına çevrilməsi yox, sabit tranzit və logistika mərkəzi kimi qalması lazımdır. Hərbi eskalasiyanın Belarusa yayılması bu dəhlizin strateji dəyərini azalda bilər”, – deyə o qeyd edib.

Araşdırmaçı əlavə edib ki, Lukaşenko uzun illər Rusiya, Çin və Qərb arasında manevr etməyə çalışsa da, hazırkı geosiyasi şəraitdə bu imkanlar xeyli daralıb. Onun fikrincə, Pekin səfəri daha çox təhlükəsizlik narahatlıqları ilə bağlıdır, lakin Çin ilk növbədə öz strateji maraqlarını qorumağa çalışır.

“Lukaşenko hələ də balans siyasəti aparmağa çalışır, amma əvvəlki manevr imkanları artıq yoxdur. Pekin isə Minskə dəstək verərkən ilk növbədə Belarusun deyil, Çinin regional və qlobal maraqlarını nəzərə alır”, – deyə Pərviz Əliyev bildirib.