Rusiya LNG tankerinə pulemyotlar quraşdırdı

Estoniya sərhəd xidmətinin fotolarında Rusiyanın “Marşal Vasilevskiy” LNG tankerində ağır pulemyot mövqeləri görünür. Ekspertlər bunu Baltik dənizində gərginliyin artması kimi qiymətləndirirlər.

25

Rusiyanın LNG daşıyan mülki tankerinə ağır pulemyotların quraşdırıldığı üzə çıxıb.

MSNews.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, söhbət Rusiyanın əsas LNG tankerlərindən biri olan “Marşal Vasilevskiy” gəmisindən gedir. Tankerin körpü hissəsində iki sabit atəş mövqeyinin quraşdırıldığı bildirilir.

“Reuters” yazır ki, Estoniya tərəfinin yaydığı müşahidə fotolarında Rusiyaya məxsus mülki LNG gəmisinin üzərində qum kisələri ilə qorunan pulemyot mövqeləri görünür. Fotoların bu ilin yazında, gəmi Baltik dənizində Estoniyanın məsuliyyət zonası yaxınlığında hərəkət edərkən çəkildiyi bildirilir.

“OCCRP”“Follow the Money” araşdırma materiallarında silahlar 12,7 mm-lik “Kord” ağır pulemyotları kimi göstərilir. Bəzi rusdilli və sosial media mənbələrində isə bunların “Utyos” pulemyotları olduğu iddia edilir. Rəsmi Moskva silahların tipi və quraşdırılması ilə bağlı açıqlama verməyib.

Ekspertlərin fikrincə, bu silahlar kiçik katerlərə, dəniz dronlarına və mümkün abordaj cəhdlərinə qarşı müdafiə məqsədi daşıya bilər. Bununla belə, ağır pulemyotların mülki tankerdə görünməsi Baltik dənizində təhlükəsizlik mühitinin daha da sərtləşdiyini göstərir.

“Reuters”ə danışan “Bosphorus Observer” konsaltinq şirkətinin rəhbəri Yoruk İşık bunu Baltik dənizində mülki gəmi üçün “çox ciddi yeni addım” adlandırıb. Onun sözlərinə görə, bu, Rusiyanın Aİ və NATO ölkələrinə öz gəmilərinin saxlanılması və ya yoxlanılmasına qarşı aktiv şəkildə müqavimət göstərəcəyi mesajı ola bilər.

“Marşal Vasilevskiy” “Gazprom Flot” şirkətinə məxsusdur. Gəmi LNG-ni daşımaqla yanaşı, onu yenidən qaz halına çevirmək imkanına malikdir. Bu xüsusiyyət onu Kalininqrad vilayətinin enerji təchizatı üçün xüsusi əhəmiyyətli edir.

“Reuters”in məlumatına görə, tanker 2025-ci ilin əvvəlindən etibarən Sankt-Peterburq yaxınlığındakı limandan Kalininqrada bir neçə dəfə LNG daşıyıb. Marşrut Estoniya sahilləri yaxınlığından keçir.

Gəmi 2019-cu ildə Vladimir Putinin iştirakı ilə Kalininqrad üçün ehtiyat enerji təchizatı marşrutu kimi istifadəyə verilmişdi. Bu sistem, Litva üzərindən qaz təchizatında problem yaranacağı halda, Kalininqradın dəniz yolu ilə LNG qəbul etməsinə imkan verir.

OCCRP-nin məlumatına görə, gəmidə son aylarda “sərnişin” kimi göstərilən şəxslər arasında Rusiya ordusu, Rosqvardiya və FTX ilə əlaqəsi olan şəxslər də olub. Bu isə tankerin sadəcə kommersiya məqsədli gəmi kimi deyil, strateji təhlükəsizlik obyekti kimi qorunduğu ehtimalını gücləndirir.

FTM-ə danışan Baltik ölkələrindən birinin kəşfiyyat rəsmisi bildirib ki, ağır pulemyotların tankerdə olması Qərb ölkələrinin belə gəmilərə yaxınlaşması və onları yoxlaması ilə bağlı risk qiymətləndirməsini tam dəyişə bilər.

Hazırda “Marşal Vasilevskiy”in silahlandırılmasının təkcə bu tankerə aid olub-olmadığı, yoxsa Rusiyanın digər enerji gəmilərinə də şamil ediləcəyi məlum deyil. Lakin ekspertlər bunu Baltik dənizində enerji nəqli, sanksiyalar və hərbi risklərin daha da iç-içə keçməsi kimi qiymətləndirirlər.