Paraqvay millisi 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Almaniyanı turnirdən kənarlaşdırıb.
MSNews.az xəbər verir ki, Foksboro şəhərindəki “Boston Stadium”-da keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Paraqvay 4:3 hesabı ilə qalib gəlib.
Bu nəticə dünya çempionatının ən böyük sensasiyalarından biri kimi qiymətləndirilir. Paraqvay dördqat dünya çempionunu penaltilər seriyasında məğlub edərək növbəti mərhələyə yüksəlib.
Oyunda hesabı Paraqvay açıb. Xulio Enkizo birinci hissədə fərqlənərək Cənubi Amerika təmsilçisini önə keçirib. Almaniya ikinci hissədə Kai Havertzin qolu ilə hesabı bərabərləşdirib.
Enkizo 42-ci dəqiqədə fərqlənib, Havertz isə 54-cü dəqiqədə Florian Virtzin ötürməsindən sonra baş zərbəsi ilə hesabı bərabərləşdirib.
Əlavə vaxtda Almaniya qələbə qoluna yaxın olub. Lakin Conatan Tahın vurduğu qol VAR baxışından sonra ləğv edilib. Bu epizod Almaniya üçün matçın ən mübahisəli anlarından biri kimi yadda qalıb.
Penaltilər seriyasında Paraqvay qapıçısı Orlando Xill əsas qəhrəmana çevrilib. Xill Kai Havertz və Nik Voltemadenin zərbələrini dəf edib, Conathan Tah isə topu qapıdan yuxarı vurub. Həlledici penaltini Xose Kanale dəqiq yerinə yetirib.
Bu, Almaniyanın dünya çempionatları tarixində penaltilər seriyasında ilk məğlubiyyəti olub. Daha əvvəl Almaniya mundiallarda penaltilər seriyasında uduzmamışdı.
Paraqvayın qələbəsi ölkədə böyük sevinclə qarşılanıb. “Reuters” yazır ki, Paraqvay Prezidenti Santyaqo Penya Almaniya üzərində qələbədən sonra ölkədə milli bayram günü elan edib.
Almaniya üçün isə bu nəticə növbəti böyük uğursuzluq kimi qiymətləndirilir. Komanda 2018 və 2022-ci il dünya çempionatlarında qrup mərhələsində dayanmışdı, bu dəfə isə pley-offun ilk mərhələsində mübarizəni dayandırıb.
Paraqvay 1/8 finalda Fransa – İsveç cütünün qalibi ilə qarşılaşacaq.