İsrail Livanın cənubundan qismən çəkilməyə hazırlaşır

İsrailin Livanın cənubundakı iki mövqedən qoşunlarını çıxarmağa hazırlaşdığı bildirilir. Məlumata görə, Zutr əl-Qərbiyyə və Frun bölgələrində nəzarət Livan ordusuna verilə bilər.

12

İsrailin Livanın cənubundakı iki mövqedən qoşunlarını çıxarmağa hazırlaşdığı bildirilir.

MSNews.az xəbər verir ki, İsrailin “Kan News” kanalı tərəflər arasında Livanın cənubunda “pilot zonalar” və İsrail ordusunun mərhələli geri çəkilməsi ilə bağlı danışıqların davam etdiyini yazıb. Məlumata görə, İsrail təhlükəsizlik zonasını yenidən təşkil edir və müəyyən ərazilərdən qoşunların çıxarılması variantı müzakirə olunur.

“APA” “Al-Markaziya”ya istinadən yazır ki, İsrail qüvvələrinin iyunun 28-də Nəbatiyyə bölgəsində yerləşən Zutr əl-Qərbiyyə və Frun mövqelərindən çıxacağı gözlənilir. Bildirilir ki, həmin ərazilərdə sonradan Livan ordusunun yerləşdirilməsi nəzərdə tutulur.

“Reuters” isə yazır ki, Vaşinqtonda əldə olunan çərçivə razılaşması İsrail qüvvələrinin Cənubi Livanın bəzi hissələrindən mərhələli çıxmasını və Livan ordusunun həmin ərazilərə yerləşdirilməsini nəzərdə tutur. Bununla belə, razılaşma İsrail ordusunun müəyyən müddət genişləndirilmiş təhlükəsizlik zonasında qalmasına da imkan verir.

Məlumatlarda qeyd olunur ki, sözügedən “pilot zonalar” Livan ordusunun ərazidə nəzarəti təmin etmək və “Hizbullah”ın mümkün hücumlarının qarşısını almaq qabiliyyətini yoxlamaq məqsədi daşıyır.

Bununla belə, İsrailin geri çəkilməsi ilə bağlı xəbərlər hələ tam rəsmi təsdiqini tapmayıb. Daha əvvəl “Reuters” ABŞ rəsmisinə istinadən İsrailin Cənubi Livanın bəzi hissələrindən çəkildiyini yazsa da, həm İsrail, həm də Livan rəsmiləri həmin məlumatı təkzib etmişdi.

İsrailin müdafiə naziri İsrael Kats daha əvvəl bildirib ki, İsrail ordusu Cənubi Livandakı təhlükəsizlik zonasından yalnız “Hizbullah”ın silahsızlaşdırılması və bölgənin demilitarizasiyası təmin olunacağı halda geri çəkilə bilər. “Anadolu Agentliyi” onun İsrail ordusunun hələlik təhlükəsizlik zonasını tərk etməyəcəyini dediyini yazıb.

Hazırda Cənubi Livanda vəziyyət gərgin olaraq qalır. “Reuters” son günlər İsrailin Nəbatiyyə ətrafında “Hizbullah”la əlaqəli hədəflərə zərbələr endirdiyini, “Hizbullah”ın isə ABŞ vasitəçiliyi ilə əldə edilən təhlükəsizlik razılaşmasını rədd etdiyini bildirib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930