Konqo DR DÇ-2026-nın “K” qrupunun son turunda Özbəkistanı 3:1 hesabı ilə məğlub edərək pley-off mərhələsinə yüksəlib.
MSNews.az xəbər verir ki, qarşılaşma ABŞ-ın Atlanta şəhərindəki “Atlanta Stadium”da keçirilib. Konqo DR fasiləyə geridə yollansa da, ikinci hissədə oyunun gedişini dəyişərək tarixi qələbə qazanıb.
Özbəkistan millisi 10-cu dəqiqədə Eldor Şomurodovun qolu ilə hesabı açıb. İlk hissə Asiya təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Lakin ikinci hissədə Konqo DR daha fəal oynayıb və 68-ci dəqiqədə Yoane Vissa penaltidən hesabı bərabərləşdirib.
78-ci dəqiqədə Fiston Mayele Konqonu önə keçirib. Oyuna əlavə olunmuş dəqiqələrdə Yoane Vissa daha bir qol vuraraq dubl edib və yekun hesabı müəyyənləşdirib — 3:1.
Bu qələbə Konqo DR üçün tarixi əhəmiyyət daşıyır. Komanda Dünya Kuboklarında ilk qələbəsini qazanmaqla yanaşı, ilk dəfə pley-off mərhələsinə yüksəlib.
Konqo DR 1974-cü ildən sonra ilk dəfə mundialda iştirak edir. Həmin vaxt komanda turnirdə Zair adı ilə çıxış etmiş və qrup mərhələsində bütün oyunlarını uduzmuşdu. 52 il sonra isə Afrika təmsilçisi Dünya Kubokunda yeni tarix yazıb.
Bu nəticədən sonra Konqo DR “K “qrupunu Kolumbiya və Portuqaliyadan sonra üçüncü pillədə başa vurub və ən yaxşı üçüncü yer sahiblərindən biri kimi növbəti mərhələyə adlayıb. Komanda pley-offda İngiltərə ilə qarşılaşacaq.
Özbəkistan millisi isə debüt etdiyi Dünya Kubokunda qrup mərhələsini xalsız başa vuraraq turnirlə vidalaşıb.