ABŞ İranın Sirik bölgəsinə zərbələr endirdi

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında M/V Ever Lovely gəmisinə hücuma cavab olaraq İranın raket və PUA anbarları, həmçinin sahilyanı radar obyektlərinin vurulduğunu açıqlayıb. SEPAH cavab zərbəsi ilə hədələyib.

17

ABŞ qüvvələri İranın cənubundakı hərbi obyektlərə zərbələr endirib.

MSNews.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı — CENTCOM açıqlamasında zərbələrin Hörmüz boğazında Sinqapur bayrağı altında üzən M/V Ever Lovely yük gəmisinə qarşı hücuma cavab olaraq həyata keçirildiyini bildirib.

CENTCOM-un məlumatına görə, Amerika aviasiyası İranın raket və pilotsuz uçuş aparatları anbarlarını, eləcə də sahilyanı radiolokasiya obyektlərini hədəfə alıb. ABŞ tərəfi kommersiya gəmisinə hücumu atəşkəs rejiminin pozulması və gəmiçiliyin azadlığına təhdid kimi qiymətləndirib.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranı Hörmüz boğazından keçən gəmilərə qarşı azı 4 zərbə PUA-sı buraxmaqda ittiham etmişdi. Onun sözlərinə görə, PUA-lardan biri böyük yük gəmisinin yuxarı göyərtəsinə dəyib, daha üç PUA isə ABŞ qüvvələri tərəfindən vurularaq məhv edilib.

İran tərəfi isə ABŞ hücumuna sərt reaksiya verib. İran İnqilab Keşikçiləri Korpusu — SEPAH bəyanat yayaraq Sirik bölgəsinin hədəfə alınmasını “təcavüz” adlandırıb və cavab zərbəsi ilə hədələyib.

SEPAH bildirib ki, İranın dəniz və hava qüvvələri hücum edən qüvvələrin qarşısını almağa çalışıb. Qurumun açıqlamasında hücumun “cavabsız qalmayacağı” və cavabın İranın müəyyən edəcəyi vaxtda və məkanda veriləcəyi qeyd olunub.

İran dövlət televiziyası isə məlumatlı mənbəyə istinadən Sirik yaxınlığında telekommunikasiya qülləsinə iki mərminin düşdüyünü bildirib. Bundan başqa, Sirik limanı ətrafında partlayış səslərinin eşidildiyi barədə də məlumatlar yayılıb.

“Reuters”in məlumatına görə, İran daha sonra ABŞ qüvvələri ilə əlaqəli hədəflərə cavab zərbələri endirdiyini açıqlayıb. Lakin Tehran həmin hədəflərin harada yerləşdiyini və zərbələrin nəticələrini detallı şəkildə açıqlamayıb.

Hadisə ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasının ən ciddi sınaqlarından biri kimi qiymətləndirilir. Hörmüz boğazında gərginliyin artması qlobal enerji bazarları və beynəlxalq gəmiçilik üçün əlavə risklər yaradır.

Qeyd edək ki, bəzi ilkin məlumatlarda “Sirik adası” ifadəsi işlədilsə də, beynəlxalq mənbələr Siriki əsasən İranın cənubundakı liman şəhəri və sahilyanı bölgə kimi təqdim edir.