Misir İranla heç-heçə edərək pley-offa yüksəldi

Misir millisi DÇ-2026-nın "G" qrupunda İranla 1:1 hesablı heç-heçə edib. Bu nəticədən sonra Misir 1/32 finala yüksəlib, İran isə növbəti mərhələyə çıxmaq üçün digər qrupların nəticələrini gözləyəcək.

19

Misir və İran milliləri DÇ-2026-nın qrup mərhələsində 1:1 hesablı heç-heçə edib.

MSNews.az xəbər verir ki, “G” qrupunun son turunda keçirilən qarşılaşma ABŞ-ın Siyetl şəhərində baş tutub. Gərgin və dramatik keçən oyundan sonra Misir millisi pley-off mərhələsinə yüksəlib, İran isə taleyini digər qrupların nəticələrindən asılı vəziyyətdə saxlayıb.

Misir oyuna daha yaxşı başlayıb. Qarşılaşmanın 5-ci dəqiqəsində Mahmud Saber rəqib qapısına yol taparaq Misiri hesabda önə keçirib.

İran isə qısa müddət sonra cavab verib. 14-cü dəqiqədə Ramin Rezayan fərqlənərək hesabı bərabərləşdirib. Bundan sonra hər iki komanda ehtiyatlı oynasa da, xüsusilə matçın son bölümü böyük gərginliklə yadda qalıb.

İran millisinin ən real imkanlarından biri penaltidən sonra yaranıb. Misir qapıçısı Mostafa Şobeyr mühüm epizodlarda komandasını xilas edib və İran hücumlarının qarşısını almaqda əsas fiqurlardan biri olub.

Oyunun son dəqiqələrində İran qələbə qoluna çox yaxınlaşıb. Şoca Xəlilzadə topu qapıdan keçirsə də, VAR yoxlamasından sonra qol ofsayd səbəbindən ləğv edilib. Bu qərar İran millisinin birbaşa pley-offa yüksəlmək ümidlərinə ciddi zərbə vurub.

Bu nəticədən sonra Misir “G” qrupunu 5 xalla ikinci pillədə tamamlayıb və 1/32 final mərhələsində Avstraliya ilə qarşılaşacaq. İran isə qrup mərhələsini 3 heç-heçə və 3 xalla başa vurub. Komanda indi ən yaxşı üçüncü yer sahibləri arasında növbəti mərhələyə vəsiqə qazanıb-qazanmayacağını gözləyəcək.

Qrupun digər oyununda Belçika Yeni Zelandiyanı 5:1 hesabı ilə məğlub edib və lider kimi növbəti mərhələyə yüksəlib. Misirin heç-heçəsi isə komandanın ikinci pilləni qoruması üçün kifayət edib.

Qarşılaşma təkcə idman nəticəsi ilə yox, həm də matç ətrafında yaranan siyasi və sosial fonla diqqət çəkib. Sietldə keçirilən oyun daha əvvəl yerli təşkilatçılar tərəfindən “Pride Match” kimi təqdim olunmuşdu. Buna baxmayaraq, oyun ciddi insident olmadan başa çatıb.