Seneqal millisi DÇ-2026-nın qrup mərhələsində İraqı 5:0 hesabı ilə məğlub edib.
MSNews.az xəbər verir ki, “I” qrupunda keçirilən qarşılaşma Kanadanın Toronto şəhərində baş tutub. Oyuna aktiv başlayan Seneqal erkən üstünlük qazanıb və rəqibin azlıqda qalmasından sonra hesabı daha da böyüdüb.
Matçın 13-cü dəqiqəsində İraq millisinin müdafiəçisi Rebin Sulaka Sadio Maneyə qarşı qayda pozuntusuna görə qırmızı vərəqə alıb. Bundan sonra İraq komandası oyunun böyük hissəsini 10 nəfərlə keçirməli olub.
Seneqalın ilk qolunu Həbib Diarra vurub. Daha sonra İsmaila Sarr fərqlənərək komandasının üstünlüyünü artırıb. Bu qol Sarr üçün xüsusi əhəmiyyət daşıyıb: o, Seneqal millisinin dünya çempionatları tarixində ən məhsuldar futbolçusuna çevrilib.
İkinci hissədə meydana sonradan daxil olan Pape Gueye iki gözəl qolla hesabı daha da artırıb. Qarşılaşmanın sonlarında isə İliman Endiaye də fərqlənərək yekun nəticəni müəyyənləşdirib — 5:0.
Bu qələbə Seneqal üçün turnirdə həyati əhəmiyyət daşıyırdı. Komanda qrupda üçüncü pilləyə yüksələrək ən yaxşı üçüncü yerlərdən biri kimi 1/32 finala çıxmaq şansını saxlayıb.
İraq millisi isə ardıcıl üçüncü məğlubiyyətini alaraq DÇ-2026 ilə vidalaşıb. Komanda 40 ildən sonra dünya çempionatında iştirak etsə də, qrup mərhələsini xalsız başa vurub.
Seneqalın baş məşqçisi Pape Thiav oyundan sonra komandasının əzmkarlığını yüksək qiymətləndirib, lakin hələ inkişaf etdirilməli məqamların olduğunu bildirib. İraq tərəfi isə erkən qırmızı vərəqənin oyunun gedişinə ciddi təsir etdiyini vurğulayıb.