Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi

15

ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazında gəmilərə qarşı dron hücumu həyata keçirməkdə və atəşkəs razılaşmasını pozmaqda ittiham edib.

MSNews.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Tramp “Truth Social” platformasında İranın Hörmüz boğazından keçən gəmilərə azı 4 zərbə PUA-sı buraxdığını bildirib.

ABŞ Prezidentinin sözlərinə görə, dronlardan biri böyük yük gəmisinin yuxarı göyərtəsinə dəyib. Tramp qeyd edib ki, gəmi zədələnsə də, hərəkətini davam etdirə bilib. Daha üç PUA isə ABŞ qüvvələri tərəfindən vurularaq məhv edilib.

“Ziyan dəydi, amma gəmi yoluna davam edə bildi. Biz daha üç dronu vurduq. Aydındır ki, bu, atəşkəs razılaşmamızın axmaqcasına pozulmasıdır”, – Tramp bildirib.

Wall Street Journal” yazır ki, hadisə ABŞ və İran arasında ilkin atəşkəs razılaşmasının əsas məqsədlərindən biri olan Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini yenidən sual altına salıb. Nəşrin məlumatına görə, Tramp hücumla bağlı ABŞ-ın hansı cavab addımı ata biləcəyini açıqlamayıb.

“Reuters”ə danışan iki ABŞ rəsmisi də İranın gəmiyə atəş açdığını bildirib. Bununla belə, gəminin operatoru olan Tayvanın “Evergreen Marine” şirkəti hadisəni daha ehtiyatlı ifadə edib və Sinqapur bayraqlı “Ever Lovely” gəmisinin Oman yaxınlığında “naməlum obyekt” tərəfindən vurulduğunu açıqlayıb.

RFE/RL”in məlumatına görə, Sinqapurun Dəniz və Liman Administrasiyası gəminin körpü hissəsində kiçik zədələr aldığını, heyət üzvlərinə, yükgəmisinə və yükə ciddi zərər dəymədiyini bildirib. Gəminin Hörmüz boğazından keçidini tamamlayaraq yoluna davam etdiyi qeyd olunub.

Hadisə İranın Hörmüz boğazında gəmiçilik üzərində nəzarət iddialarını yenidən gündəmə gətirib. “Reuters” yazır ki, İran rəsmiləri boğazdan keçidlərin İran və Omanla razılaşdırılmış qaydalar əsasında həyata keçirilməli olduğunu bildirirlər. Tehran həmçinin “icazəsiz keçid” cəhdləri ilə bağlı xəbərdarlıqlar edib.

Eyni zamanda, ABŞ və Körfəz Əməkdaşlıq Şurası ölkələri Hörmüz boğazında sərbəst, məhdudiyyətsiz və ödənişsiz naviqasiyanın təmin olunmasını tələb edir. “Reuters”in məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubio və Körfəz ölkələrinin xarici işlər nazirləri birgə bəyanatda boğazdan keçidlərə hər hansı rüsum və ya nəzarət cəhdlərini rədd ediblər.

Hörmüz boğazı qlobal enerji bazarı üçün strateji əhəmiyyət daşıyır. “Reuters” qeyd edir ki, dünya nefti və mayeləşdirilmiş təbii qaz tədarükünün mühüm hissəsi bu su yolundan keçir. Bu səbəbdən boğazda hərbi və təhlükəsizlik gərginliyinin artması enerji bazarlarında da narahatlıq yaradır.

İran tərəfi Trampın son ittihamlarına hələlik birbaşa cavab verməyib. Lakin Tehran daha əvvəl ABŞ-ın Körfəzdəki hərbi mövcudluğunu regionda gərginliyin əsas səbəblərindən biri adlandırıb və Hörmüz boğazı ilə bağlı qərarların bölgə dövlətləri tərəfindən verilməli olduğunu bildirib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.