FIA prezidentlik müddətinə məhdudiyyəti ləğv etdi

Beynəlxalq Avtomobil Federasiyası (FIA) prezidentlik müddətinə qoyulan məhdudiyyəti ləğv edib. Qərar Mohammed Ben Sulayemin postda daha uzun müddət qalmasına imkan yarada bilər.

15

Beynəlxalq Avtomobil Federasiyası (FIA) prezident və digər rəhbər vəzifələr üzrə müddət məhdudiyyətlərini ləğv edib.

MSNews.az xəbər verir ki, Federasiya Makao şəhərində keçirilən növbədənkənar Baş Assambleyada qurumun nizamnamə və daxili qaydalarına dəyişikliklərin təsdiqləndiyini açıqlayıb. Qurumun məlumatında “FIA orqanlarında müddət məhdudiyyətlərinin ləğv edildiyi” bildirilib.

Reuters”in məlumatına görə, əvvəlki qaydalara əsasən FIA prezidenti maksimum üç dəfə dördillik müddətə seçilə bilərdi. Yeni qərardan sonra bu məhdudiyyət aradan qalxıb. Agentlik yazır ki, dəyişiklik FIA prezidenti Mohammed Ben Sulayemin təşəbbüsü ilə gündəmə gətirilib.

Associated Press” qeyd edir ki, Ben Sulayem 2021-ci ildən FIA-ya rəhbərlik edir və 2025-ci ilin dekabrında rəqibsiz şəkildə ikinci müddətə seçilib. Mövcud yaş qaydalarına görə, prezidentliyə namizəd üçün 70 yaş limiti hələ də qüvvədə qalır.

BBC Sport” mənbələrinə istinadən yazır ki, qərar 90,71 faiz səs çoxluğu ilə qəbul edilib. Nəşrin məlumatına görə, Ben Sulayemin gələcəkdə yaş məhdudiyyətinin də aradan qaldırılmasını istədiyi iddia olunur. Lakin bu məsələ ilə bağlı FIA və Ben Sulayem tərəfindən rəsmi açıqlama verilməyib.

FIA qərarı qurum daxilində “daha vahid yanaşma” yaradılması ilə izah edir. Bununla belə, dəyişiklik Ben Sulayemin postda daha uzun müddət qalması ehtimalını artırdığı üçün Formula 1 çevrələrində müzakirələrə səbəb olub.