Tramp administrasiyası İranın nüvə materialları ilə bağlı nəzarət və utilizasiya tədbirləri üçün 672 milyon dollar ayrılmasını istəyir.
MSNews.az xəbər verir ki, “Fox News” Ağ Ev rəsmisinə istinadən məlumat yayıb. Bildirilir ki, bu vəsait İranın zənginləşdirilmiş uranının və digər həssas nüvə materiallarının çıxarılması, daşınması və ya utilizasiyası üçün nəzərdə tutulub.
Məlumata görə, maliyyələşmə uranium hexafluoride, müxtəlif formalarda uran, tədqiqat reaktoru yanacağı və yüksək zənginləşdirilmiş uran kimi materialların zərərsizləşdirilməsi istiqamətində istifadə oluna bilər.
Vəsaitin digər hissəsinin ABŞ-ın İran daxilində yoxlama fəaliyyətlərinə, Beynəlxalq Atom Enerjisi Agentliyinin inspeksiyalarına, nüvə qaçaqmalçılığının aşkarlanması imkanlarının gücləndirilməsinə və Yaxın Şərqdə nüvə fövqəladə dəstək qruplarının fəaliyyətinin genişləndirilməsinə yönəldilməsi planlaşdırılır.
“Fox News” yazır ki, 672 milyon dollarlıq sorğu İran münaqişəsi və onun nəticələri ilə bağlı daha geniş — 80 milyard dollarlıq əlavə maliyyələşdirmə paketinin bir hissəsidir. Daha böyük paketə hərbi əməliyyatların xərcləri, sursat ehtiyatlarının bərpası və milli təhlükəsizliklə bağlı digər prioritetlərin daxil olduğu bildirilir.
Maliyyə sorğusu ABŞ və İran nümayəndələrinin son anlaşma memorandumunu daha detallı nüvə razılaşmasına çevirməyə çalışdığı bir dövrdə gündəmə gəlib. Bu prosesdə əsas müzakirə mövzularından biri İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyidir.
“Reuters” yazır ki, BAEA rəhbəri Rafael Grossi İranla bağlı inspeksiyaların keçiriləcəyini bildirib. Onun sözlərinə görə, agentlik Tehranla yoxlamaların tarixi, prosedurları və hansı məkanlarda aparılacağı üzərində işləyir.
Bununla yanaşı, İran tərəfi həssas və hücuma məruz qalmış nüvə obyektlərinə çıxış məsələsinin yekun razılaşma və ABŞ sanksiyalarının qaldırılması ilə bağlı danışıqlar çərçivəsində həll ediləcəyini bildirib.
BAEA-nın məlumatına görə, İran hücumlardan əvvəl 60 faizədək zənginləşdirilmiş 440,9 kiloqram urana malik olub. Agentlik bu materialın harada saxlandığı və nə qədərinin hücumlardan sonra salamat qaldığı barədə Tehrandan tam məlumat almadığını bildirir.