Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşada keçiriləcək Ukraynanın Bərpası Konfransında iştirak etməyəcəyi bildirilir.
MSNews.az xəbər verir ki, “Reuters” Ukrayna Baş naziri Yuliya Sviridenkonun Qdanskda keçiriləcək tədbirdə ölkə nümayəndə heyətinə rəhbərlik edəcəyini yazıb. Sviridenko sosial şəbəkə hesabında “URC-2026 çərçivəsində Qdanskda Ukrayna nümayəndə heyətinə və ümumilikdə işimizə mən rəhbərlik edəcəyəm” deyib.
Tədbirin rəsmi saytında konfransın 25–26 iyun tarixlərində Polşa və Ukraynanın birgə təşkilatçılığı ilə Qdanskda keçiriləcəyi qeyd olunur. Tədbirin əsas məqsədi Ukraynanın bərpası, investisiyalar, enerji, kritik infrastruktur və logistika sahələrində beynəlxalq dəstəyi gücləndirməkdir.
“The Guardian” yazır ki, Zelenskinin tədbirdə iştirak etməməsi Polşa ilə yaranmış diplomatik gərginlik fonunda baş verir. Gərginlik Ukrayna hərbi bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsi və bunun Polşada sərt reaksiya doğurması ilə əlaqələndirilir.
Polşa Prezident Administrasiyasının rəsmi məlumatında Prezident Karol Navrotskinin Zelenskidən Polşanın ən yüksək dövlət mükafatı olan “Ağ Qartal” ordenini geri almaq qərarı verdiyi bildirilir. Qərar Ukrayna tərəfinin həmin hərbi bölməyə ad verilməsi ilə əsaslandırılıb.
Ukrayna hökuməti Sviridenkonun nümayəndə heyətinə rəhbərlik etməsi ilə konfransın diplomatik qalmaqaldan kənarda saxlanmasına çalışır. Baş nazirin “Ukrayna tərəfdaşlarına hörmət edir və əməkdaşlığı qarşılıqlı hörmət prinsipi üzərində qurur” sözləri də bu kontekstdə diqqət çəkib.
Konfrans Ukrayna üçün müharibədən zərər görmüş iqtisadiyyatın bərpasına maliyyə və investisiya cəlbi baxımından mühüm platforma hesab olunur. “Ukrinform” daha əvvəl tədbirdə təxminən 100 ölkədən nümayəndə heyətlərinin iştirakının gözlənildiyini yazmışdı.