Fransa millisinin baş məşqçisi Didye Deşam ailəsində baş verən ağır itki səbəbindən komandanı müvəqqəti tərk edəcək.
MSNews.az xəbər verir ki, “L’Équipe” Fransa Futbol Federasiyasının açıqlamasına istinadən məlumat yayıb. Bildirilib ki, Deşam iyunun 23-də anasının vəfatı xəbərini alıb və dəfn mərasimində iştirak etmək üçün Fransaya qayıdacaq.
Federasiyanın məlumatına görə, Deşam Norveç–Fransa oyunu öncəsi məşqləri idarə edə bilməyəcək və cümə günü keçiriləcək “I” qrupunun son tur matçında ehtiyat oyunçular skamyasında olmayacaq.
Baş məşqçinin yoxluğunda Fransa yığmasının hazırlığına onun köməkçisi Gi Stefan rəhbərlik edəcək. O, Deşamın qayıdışına qədər komandanın idarə olunmasını üzərinə götürəcək.
Fransa millisi DÇ-2026-da ilk iki oyununu qələbə ilə başa vurub. Komanda əvvəlcə Seneqalı 3:1, daha sonra İraqı 3:0 hesabı ilə məğlub edib.
Norveçlə görüş Fransa üçün qrup liderliyi baxımından əhəmiyyət daşıyır.