Qalibaf ABŞ-İran razılaşmasının detallarını açıqladı

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ-la İsveçrədə aparılan danışıqlardan sonra Hörmüz boğazı, dondurulmuş aktivlər və Livanla bağlı razılaşmaların detallarını açıqlayıb.

17

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ-la İsveçrədə aparılan danışıqlardan sonra bir sıra razılaşmaların əldə olunduğunu bildirib.

MSNews.az xəbər verir ki, “Reuters” Qalibafın İran dövlət televiziyasına açıqlamasına istinadən Tehran və Vaşinqtonun Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi üçün rabitə xətti yaradılması barədə razılığa gəldiyini yazıb. Məqsəd strateji su yolunda mümkün insidentlərin və qarşıdurmaların qarşısını almaqdır.

“Anadolu Agentliyi” Qalibafın sözlərinə istinadən bildirib ki, Hörmüz boğazında idarəetmə “İran mexanizmləri” çərçivəsində və beynəlxalq hüquqa uyğun aparılacaq. Onun sözlərinə görə, tərəflər gəmiçiliklə bağlı mübahisəli məqamların, texniki problemlərin və mümkün insidentlərin həlli üçün 30 günlük birbaşa rabitə xəttinin yaradılmasını da razılaşdırıblar.

Qalibaf həmçinin İsveçrə danışıqlarında İranın dondurulmuş 12 milyard dollarlıq aktivlərinin açılması üzrə imzalanma prosesinin yekunlaşdığını bildirib. “Reuters” yazır ki, ABŞ Prezidenti Donald Tramp bu vəsaitin ABŞ-dan ərzaq alınmasına yönəldiləcəyini deyib. Lakin İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemməti Tehran üçün belə bir məcburi öhdəliyin olmadığını bildirib.

“Reuters” həmçinin yazır ki, ABŞ İranla danışıqlardan sonra sanksiyaların bir hissəsini 60 günlük müddətə müvəqqəti dayandırıb. Bu addım Tehranın neft və əlaqəli məhsullar satmasına, həmçinin ödənişlər almasına imkan verən ilkin iqtisadi güzəşt kimi təqdim olunur.

Qalibaf Livan məsələsinə də toxunaraq İran və ABŞ-ın Livanın ərazi bütövlüyünə zəmanət mexanizmini memoranduma daxil etdiyini bildirib. “Anadolu Agentliyi”nin məlumatına görə, bu çərçivədə koordinasiya mərkəzinin yaradılması, məcburi köçkünlərin geri qayıtması və İsrail qüvvələrinin Livan ərazisindən çıxarılması məsələlərinin izlənilməsi nəzərdə tutulur.