Qalibaf Trampın İranla bağlı təhdidlərinə cavab verdi

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ prezidenti Donald Trampın İranla bağlı təhdidlərinə münasibət bildirib və Vaşinqtonu bəyanatlarında ehtiyatlı olmağa çağırıb.

14

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ prezidenti Donald Trampın Tehranla bağlı son təhdidlərinə cavab verib.

MSNews.az xəbər verir ki, “Anadolu Agentliyi” Qalibafın ABŞ rəsmilərini bəyanatlarında ehtiyatlı olmağa çağırdığını yazıb. İran parlamentinin sədri bildirib ki, Tehran Vaşinqtonun təhdidlərini ciddi qəbul etmir.

Qalibaf ABŞ-la İsveçrədə aparılan danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edir. O, “X” hesabında yazıb ki, əgər ABŞ-ın təhdidləri nəticə versəydi, Vaşinqton hazırkı vəziyyətə düşməzdi.

İranın “IQNA” agentliyi isə Qalibafın “silahlı qüvvələrimiz başqa cür cavab verməyə hazırdır” sözlərini yayıb. O əlavə edib ki, ABŞ tərəfi açıqlamalarında daha diqqətli olmalıdır.

“Reuters” yazır ki, Tramp daha əvvəl İranı Livandakı müttəfiq qüvvələrə dəstəyi dayandırmağa çağırıb və əks halda Vaşinqtonun Tehrana qarşı yenidən sərt addımlar ata biləcəyini bildirib. Gərginlik ABŞ və İran nümayəndələrinin İsveçrədə danışıqlar apardığı bir vaxtda artıb.