Qazaxıstanlı atlet Jasmin Beqalinova sosial şəbəkələrin ulduzuna çevrildi

Qazaxıstanlı hündürlüyə tullanma idmançısı Jasmin Begalinova Şımkentdə keçirilən yarışdan paylaşdığı fotolardan sonra sosial şəbəkələrdə viral olub.

14

Qazaxıstanlı yüngül atlet Jasmin Beqalinova sosial şəbəkələrdə gözlənilmədən böyük populyarlıq qazanıb.

MSNews.az xəbər verir ki, “Tengrinews” Qazaxıstanlı idmançının Şımkentdə keçirilən hündürlüyə tullanma yarışından paylaşdığı fotolardan sonra “X” və digər sosial platformalarda viral olduğunu yazır.

Məlumata görə, Beqalinovanın yarış zamanı çəkilən fotoları qısa müddətdə milyonlarla baxış toplayıb. Xarici istifadəçilər onun imicini və fotolardakı görünüşünü müzakirə edərək zarafatla “Qazaxıstana köçməyə hazır olduqlarını” yazıblar.

“Kursiv Media” yazır ki, idmançının fotoları xüsusilə “Threads” və “Instagram” platformalarında geniş yayılıb. Qərb istifadəçiləri şərhlərdə onun yarışdakı obrazını video oyun və anime personajları ilə müqayisə ediblər.

Sosial şəbəkələrdə ən çox yayılan zarafatlı şərhlərdən biri isə “Fransa vətəndaşlığından imtina edib Qazaxıstana köçməyə hazıram” ifadəsi olub. Bu şərh Beqalinovanın fotosunun ətrafında yaranan viral reaksiyanın simvollarından birinə çevrilib.

Beqalinova özü də belə diqqət gözləmədiyini bildirib. Qazaxıstan mediasının məlumatına görə, idmançı reaksiyaların bu qədər geniş yayılmasını sürpriz kimi qarşılayıb.