Qazax Dövlət Dram Teatrında Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan tamaşa nümayiş etdirilib.
MSNews.az xəbər verir ki, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə Qazax Dövlət Dram Teatrında şairin “Hürmüz və Əhrimən” poemasının əsasında hazırlanmış eyniadlı səhnə əsəri təqdim edilib.
Ceyhun Vəlizadənin quruluş verdiyi tamaşada xeyir və şərin əbədi mübarizəsi əsas mövzu kimi işlənib. Səhnə əsərinin rejissoru Allahverdi Musayev, quruluşçu rəssamı Samir Həsənov, musiqi tərtibatçısı isə Ceyhun Vəlizadədir.
Tamaşada rolları Ceyhun Vəlizadə, Vüsal Hüseynov, İlqar Hacalıyev, Aytac Cəfərova, Rüfət Əhmədov, Elvin Abbasov, Xaqan Qurbanov, Zəmanə Dərviş, Məmməd Hacalıyev, Kamil Məmmədov və Nəsimi Aşbazov canlandırıblar.
Səhnə əsərini izləyənlər arasında Azərbaycan Nəşriyyatlar Assosiasiyasının təşkilatçılığı ilə Qazaxda keçiriləcək I Qazax Kitab Festivalına dəvət olunmuş quruma üzv nəşriyyatların nümayəndələri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılanıb və Səməd Vurğun irsinin teatr səhnəsində yaşadılması baxımından əlamətdar mədəni hadisə kimi qiymətləndirilib.












