Moskva regionuna iri dron hücumu: neft zavodu yenə yanır

Moskva və Moskva vilayəti gecə saatlarında genişmiqyaslı PUA hücumuna məruz qalıb. Rusiya mənbələri yaşayış evləri, ticarət obyektləri və Moskva Neft Emalı Zavodunda ziyan olduğunu bildirir.

42

Moskva və Moskva vilayəti gecə saatlarında son dövrlərin ən genişmiqyaslı PUA hücumlarından birinə məruz qalıb.

MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov hücum nəticəsində ilkin olaraq 16 nəfərin xəsarət aldığını bildirib. Rusiya mediası daha sonra yaralıların sayının 17-yə çatdığını yazıb.

“Kommersant” nəşri yazır ki, gecə saatlarında Moskva və vilayətə qarşı irimiqyaslı PUA hücumu zamanı yaşayış binaları, ticarət obyektləri, avtomobillər və sənaye infrastrukturu zərər görüb. Moskvanın dörd hava limanında yüzlərlə reysin təxirə salındığı və ya gecikdiyi bildirilir.

“Vedomosti” Moskva vilayəti rəhbərliyinin məlumatlarına istinadən yazır ki, Elektrostanda PUA qalıqları fərdi yaşayış evinin damına ziyan vurub, bir qadın yüngül xəsarət alıb. Lyubertsıda fitness mərkəzi və sənaye zonasında obyekt zədələnib, “Belaya Daça” ticarət mərkəzinin damında isə PUA qalıqlarının düşməsindən sonra yanğın baş verib.

Məlumata görə, Çexov rayonunda dron bağ evinə düşüb, nəticədə ev və yardımçı tikililər dağılıb. Jukovski və digər yaşayış məntəqələrində də binalara və avtomobillərə ziyan dəydiyi bildirilir.

Hücumun ən ciddi nəticələrindən biri Moskvanın Kapotnya rayonunda yerləşən Moskva Neft Emalı Zavodunda yanğının yenidən başlaması olub. “Reuters” sənaye mənbələrinə istinadən yazır ki, bu, zavoda həftə ərzində ikinci dron hücumudur və obyektin emal qurğuları, boru xətləri, yardımçı avadanlıqları və neft məhsulları saxlanılan çənləri zədələnib.

“The Guardian” hücumu Moskvanın indiyədək üzləşdiyi ən böyük dron hücumlarından biri kimi qiymətləndirib. Nəşrin məlumatına görə, əsas hədəflərdən biri Moskvanın cənub-şərqində yerləşən Kapotnya neft emalı zavodu olub.

Rusiya rəsmiləri hücumu Ukrayna PUA-ları ilə əlaqələndirir. Kiyev isə belə əməliyyatlarla bağlı adətən birbaşa şərh vermir. Bununla belə, Ukrayna rəsmiləri son aylarda Rusiyanın enerji infrastrukturuna zərbələri Moskvanın Ukraynaya qarşı müharibəsinə cavab tədbiri kimi təqdim edirlər.