Fransa millisinin futbolçusundan pizza jesti

Fransa millisinin müdafiəçisi Maksens Lakrua DÇ-2026 zamanı uşaqlıq kəndi Ajatda Fransa oyunlarını izləyəcək azarkeşlərin pizzasını ödəyəcək. Təşəbbüs futbolçunun özündən gəlib.

19

Fransa millisinin müdafiəçisi Maksens Lakrua DÇ-2026 zamanı uşaqlıq kəndinin sakinlərinə maraqlı jest edib.

MSNews.az xəbər verir ki, “L’Équipe”in məlumatına görə, Lakrua Fransa millisinin Dünya Kubokundakı oyunlarını izləmək üçün Dordon bölgəsində yerləşən Ajat kəndində toplaşacaq azarkeşlərin pizzasını ödəyəcək.

Ajat Fransanın Dordon departamentində yerləşən kiçik kənddir. “La Dépêche” yazır ki, burada təxminən 300 sakin yaşayır və Fransa millisinin oyunları kəndin tədbirlər zalında böyük ekranda nümayiş etdiriləcək.

Kəndin meri Didye Klerju bildirib ki, təşəbbüs futbolçunun özündən gəlib. Onun sözlərinə görə, Lakrua anasına Fransa millisinin oyunları zamanı kənd sakinlərinə pizza almağı təklif edib.

Foot Mercato” merin sözlərini belə təqdim edib: “Maksens anasına hər matç axşamı bizə pizza təklif etməyi deyib. Bu, onun kəndə nə qədər bağlı olduğunu göstərir”.

Maksens Lakrua Fransada Villenuev-Sen-Jorj şəhərində doğulsa da, uşaqlığını Ajatda keçirib. Buna görə Fransa mediası bu jesti futbolçunun köklərinə və böyüdüyü kəndə bağlılığı kimi qiymətləndirir.

Hazırda “Kristal Pelas”da çıxış edən 26 yaşlı müdafiəçi Fransa millisinin heyətində ilk Dünya Kubokunu keçirir. Ajat sakinləri isə kəndlərindən çıxmış futbolçunun mundialda Fransa yığması ilə mübarizə aparmasını böyük hadisə kimi qarşılayıblar.