Ukrayna Prezidenti Volodimir Zelenski müharibə dövründə ailəsindən uzaq qalmağın onun üçün ən ağır şəxsi sınaqlardan biri olduğunu bildirib.
MSNews.az xəbər verir ki, Zelenski bu barədə Fransada G7 sammiti çərçivəsində “Reuters”ə müsahibəsində danışıb.
Jurnalistin “Aktyorluq peşəsi üçün darıxırsınızmı?” sualına Ukrayna lideri qısa, lakin emosional cavab verib: “Yaxşı ata olmağın həsrətini çəkirəm”.
Daha sonra jurnalist Zelenskidən övladları balaca olanda onlara ən çox nə dediyini soruşub. Ukrayna Prezidenti cavabında “Sizi sevirəm” sözlərini xatırladıb.
“Bəs indi, böyüyəndən sonra onlara nə deyirsiniz?” sualına isə Zelenski “Sizin üçün darıxıram” cavabını verib.
“Reuters” yazır ki, Zelenski həmin gün G7 liderləri ilə Ukraynadakı müharibə, Rusiyaya qarşı əlavə sanksiyalar və Moskvanın danışıqlara məcbur edilməsi məsələlərini müzakirə edib.
Müsahibədə Zelenski həm də müharibə zamanı yaşadığı emosional anlardan danışıb. O, daha əvvəl döyüş meydanında və mülki əhali arasında itkilərin, həmçinin övladlarını itirmiş valideynlərə orden təqdim etməyin onun üçün çox ağır olduğunu bildirmişdi.
Zelenskinin şəxsi cavabları müharibənin təkcə siyasi və hərbi deyil, həm də ailə və insan taleləri üzərində yaratdığı dərin təsiri yenidən gündəmə gətirib.