Novruzəli Yusubzadə: “Test müddətindən sonra münaqişənin yenidən alovlanması istisna deyil”

QAFSAM eksperti Novruzəli Yusubzadə ABŞ-İran arasında razılaşdırıldığı bildirilən memorandumu şərh edərək, bunun Vaşinqtonun kapitulyasiyası kimi qiymətləndirilməsini doğru saymadığını bildirib.

144

QAFSAM eksperti Novruzəli Yusubzadə ABŞ-İran arasında razılaşdırıldığı bildirilən memorandumun Vaşinqtonun faktiki kapitulyasiyası kimi təqdim edilməsini doğru hesab etmir.

Ekspertin sözlərinə görə, bu sənədi kapitulyasiya kimi qiymətləndirmək düzgün yanaşma olmaz. Çünki razılaşma yalnız İranın deyil, ABŞ-ın da müəyyən maraqlarına uyğun nəticələr doğurur.

“Xeyr, mən bunu kapitulyasiya adlandırmazdım. İran bu atəşkəsdən iki mühüm nəticə əldə edib. Bunlardan biri Livanda Hizbullahın mövcudluğunun qorunması, digəri isə ballistik raket proqramının danışıqlar predmeti olmaqdan çıxarılmasıdır. Lakin ABŞ-ın ilkin mərhələdə tamamilə uduzduğunu düşünənlər də yanılır”, — deyə Novruzəli Yusubzadə bildirib.

Onun sözlərinə görə, memorandum çərçivəsində Hörmüz boğazının statusu ilk 60 gün ərzində ABŞ-ın istədiyi formada tənzimlənəcək:

“Hörmüz məsələsi ilk 60 gün üçün 1982-ci il Dəniz Hüququ Konvensiyasına uyğun şəkildə açıq qalacaq. Bu, ABŞ-ın mövqeyinə uyğundur. Lakin 60 gündən sonra vəziyyətin necə dəyişəcəyi hələlik müəmmalıdır. Eyni format davam edə də bilər, dəyişə də bilər”.

Ekspert qeyd edib ki, ABŞ-ın İrana 300 milyard dollar həcmində yatırım etməsi ehtimalı da ayrıca diqqət çəkən məqamdır. Onun fikrincə, tərəflərin bu məsələni fərqli təqdim etməsi siyasi ritorikanın bir hissəsidir:

“İran bunu savaş təzminatı, ABŞ isə yatırım kimi təqdim edir. Amma mahiyyət etibarilə bu, Vaşinqton üçün də müəyyən qazanc yarada bilər. Xatırladaq ki, Çin də vaxtilə İran bazarına böyük yatırımlarla daxil olmuş və orada mövqeyini möhkəmləndirmişdi”.

Novruzəli Yusubzadənin sözlərinə görə, nüvə məsələsində də ilk 60 günlük mərhələ ABŞ-ın istədiyi istiqamətdə davam edəcək. Buna görə də memorandumun real nəticələrini qiymətləndirmək üçün test müddətinin necə başa çatacağını gözləmək lazımdır.

“Yekun nəticə üçün atəşkəsin davamlı olub-olmayacağına baxmaq lazımdır. İsrail Livanda uzunmüddətli fasiləyə hazır görünmür. Nüvə və digər məsələlər üzrə yekun razılaşma da asan olmayacaq. Buna görə 60 günlük test müddətindən sonra münaqişənin yenidən alovlanması istisna deyil”, — deyə QAFSAM eksperti vurğulayıb.