Britaniya Rusiya neftini daşıyan tankeri saxladı

Britaniya silahlı qüvvələri La-Manş boğazında Rusiyanın “kölgə donanması”na aid “Smyrtos” tankerini saxlayıb. Əməliyyat 6 saat davam edib.

18

Britaniya silahlı qüvvələri La-Manş boğazında Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən neft tankerini saxlayıb.

MSNews.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. “Smyrtos” adlı tanker Royal Marines komandosları və Milli Cinayət Agentliyinin xüsusi təlim keçmiş əməkdaşları tərəfindən La-Manş boğazında dayandırılıb.

Məlumata əsasən, əməliyyat 6 saat davam edib. Ona “Chinook”, “Merlin Mk4” və “Wildcat” helikopterləri, “RAF P-8” patrul təyyarəsi, həmçinin HMS Sutherland və HMS Ledbury gəmiləri dəstək verib.

Britaniya tərəfi gəmini Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması”na aid edir. Baş nazir Kir Starmer əməliyyatın “Rusiyaya daha bir zərbə” olduğunu və Ukraynadakı müharibəni maliyyələşdirənlərin gizlənə bilməyəcəyini bildirib.

The Guardian” yazır ki, “Smyrtos” daha əvvəl Kamerun bayrağı altında üzsə də, Kamerun reyestrindən çıxarıldığı üçün hüquqi baxımdan bayraqsız gəmi statusuna düşüb. Nəşrin məlumatına görə, gəmidə 100 min tondan çox Rusiya xam nefti olub.

Əməliyyat zamanı gəmidəki heyətin müqavimət göstərmədiyi bildirilir. Britaniya Müdafiə Nazirliyi tankerin müvəqqəti olaraq İngiltərənin cənub sahilləri yaxınlığında lövbər salacağını və istintaq davam etdiyi müddətdə ekoloji və təhlükəsizlik riskləri baxımından nəzarətdə saxlanılacağını açıqlayıb.

London bildirir ki, bu, Böyük Britaniyanın Rusiyanın “kölgə donanması”na qarşı ilk belə əməliyyatıdır. Məqsəd Rusiyanın sanksiyalardan yayınaraq neft satışından gəlir əldə etməsinin qarşısını almaqdır.