Türkiyə süni intellekt üzrə yol xəritəsini açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2026–2030-cu illəri əhatə edən süni intellekt fəaliyyət planını təqdim edib. Plan kadr hazırlığı, məlumat infrastrukturu və rəqəmsal suverenliyi hədəfləyir.

15

Türkiyə 2026–2030-cu illər üçün süni intellekt sahəsində yeni fəaliyyət planını açıqlayıb.

MSNews.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türkiyə Süni İntellekt Sammitində ölkənin yeni yol xəritəsini təqdim edib. Türkiyə Prezident Administrasiyasının İletişim Başkanlığının məlumatına görə, plan “fərq et, istifadə et, istehsal et və idarə et” olmaqla 4 əsas ox üzərində qurulub.

Ərdoğan bildirib ki, plan çərçivəsində ölkənin bütün 81 vilayətində süni intellekt savadlılığı üzrə emalatxanalar yaradılacaq və 2 il ərzində 5 milyon vətəndaşa təlim keçiriləcək. Həmçinin 10 min qabaqcıl süni intellekt mütəxəssisi və 100 min süni intellekt tətbiq peşəkarının hazırlanması hədəflənir.

TRT Haber” yazır ki, Türkiyə 2030-cu ilə qədər məlumat mərkəzlərinin ümumi gücünü ən azı 1 giqavata çatdırmağı planlaşdırır. Bundan başqa, dövlət investisiya proqramlarında süni intellekt layihələrinə ən azı 2 faiz pay ayrılacaq.

Anadolu Agentliyi”nin məlumatına əsasən, plan çərçivəsində səhiyyə, kənd təsərrüfatı, müdafiə və elektron ticarət də daxil olmaqla müxtəlif sahələr üzrə ən azı 2 min dövlət məlumat dəsti Milli Məlumat Kitabxanası vasitəsilə istifadəyə açılacaq.

Ərdoğan, həmçinin məlumat mərkəzləri, bulud texnologiyaları və süni intellekt infrastrukturu üçün əsasən özəl sektor hesabına ən azı 10 milyard dollarlıq resursun səfərbər ediləcəyini bildirib. Türkiyə hökuməti bu planla yerli texnologiyaların inkişafını, rəqəmsal suverenliyi və süni intellektin dövlət, təhsil, səhiyyə, müdafiə və sənaye sahələrində tətbiqini genişləndirməyi hədəfləyir.