Somalili hakim Omar Artan UEFA Superkubokunun final oyununu idarə edəcək.
MSNews.az xəbər verir ki, UEFA-nın rəsmi açıqlamasına əsasən, 34 yaşlı Artan avqustun 12-də Avstriyanın Zalsburq şəhərində keçiriləcək PSJ – “Aston Villa” matçında baş hakim olacaq. Görüş Çempionlar Liqasının qalibi PSJ ilə Avropa Liqasının qalibi “Aston Villa” arasında baş tutacaq.
UEFA bildirib ki, bu təyinat Afrika Futbol Konfederasiyası ilə aparılan müzakirələrdən sonra verilib. Artan 2018-ci ildən FIFA-nın beynəlxalq hakimlər siyahısındadır və 2025-ci ildə CAF tərəfindən ilin ən yaxşı kişi hakimi seçilib.
Artan daha əvvəl Dünya Kubokunda işləməli idi, lakin ABŞ-a girişinə icazə verilmədiyi üçün turnirin hakimlər siyahısından çıxarılıb. ABŞ tərəfi qərarı təhlükəsizlik yoxlamaları ilə izah edib.
Hadisə FIFA prezidenti Canni İnfantinonun reaksiyasından sonra daha geniş müzakirəyə səbəb olmuşdu. “The Guardian”ın yaydığı görüntülərdə İnfantino Artanın ABŞ-a buraxılmaması ilə bağlı suallara cavab verərkən “chill, relax” ifadəsini işlədib.
UEFA prezidenti Aleksander Çeferin Artanı yüksək səviyyəli və təcrübəli hakim adlandırıb. CAF prezidenti Patris Motsepe isə somalili hakimin bu təyinatının həm Somali, həm də Afrika futbolu üçün qürurverici hadisə olduğunu bildirib.