Rusiyada Şahin Şıxlinski və digər fiqurantlarla bağlı səs-küylü cinayət işi üzrə apellyasiya mərhələsi başlayır.
MSNews.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, Sverdlovsk vilayət məhkəməsi iyulun 1-də Şahin Şıxlinski, Akif, Ayaz, Bakir, Kamal və Məzahir Səfərovlar, həmçinin Şücayəddin Rəcəbov barəsində birinci instansiya hökmündən verilən apellyasiya şikayətlərinə baxacaq. Məlumata əsasən, hökmdən həm müdafiə tərəfi, həm də zərərçəkmişlər narazı qalıb.
“RBC” yazır ki, Kirov rayon məhkəməsi mart ayında Şahin Şıxlinskini iş adamı Yunis Paşayevin qətli və Fəxruz Şirinova sui-qəsd işi üzrə 22 il müddətinə azadlıqdan məhrum edib. Hökmə əsasən, o, cəzasının ilk 4 ilini həbsxana rejimində, qalan hissəsini isə ciddi rejimli koloniyada çəkməlidir.
Eyni iş üzrə Akif Səfərov 21 il, Ayaz Səfərov 20 il, Kamal Səfərov və Şücayəddin Rəcəbov 14 il, Məzahir Səfərov 13 il, Bakir Səfərov isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Rusiya mənbələrində həmin fiqurantlardan birinin adı “Bakir Səfərov” kimi göstərilir.
Daha sonra Şıxlinskiyə qarşı xüsusi təyinatlı dəstə üzvünə qarşı zor tətbiqi epizodu üzrə ayrıca hökm çıxarılıb. “Forbes”in məlumatına görə, bu iş üzrə ona 9 il həbs cəzası verilib və əvvəlki hökmlə birlikdə yekun cəza 24 il müəyyənləşdirilib. Həmin epizod üzrə onun oğlu Mutvalı Şıxlinski 8 il müddətinə azadlıqdan məhrum olunub.
“Настоящее Время” yazır ki, insident 2025-ci ilin iyulunda Yekaterinburqda baş verib. İstintaqın versiyasına görə, xüsusi təyinatlılar Şahin Şıxlinskini avtomobildən çıxarmağa çalışarkən, sükan arxasında olan oğlu maşını geriyə verib və güc strukturu əməkdaşlarından biri xəsarət alıb. Mutvalı Şıxlinski isə hadisənin qəsdən baş vermədiyini bildirib.
İşlə bağlı diqqət çəkən digər məqam Şıxlinski işi üzrə fiqurantlardan birinin müdafiəsində iştirak etdiyi bildirilən vəkil Mirzağa Əzizovla bağlıdır. “Ekaterinburg.ru” portalının “E1.ru”ya istinadən yaydığı məlumata görə, Sinar rayon məhkəməsi Əzizovu istintaq təcridxanasından ev dustaqlığına buraxıb. Vəkil hazırda dələduzluq ittihamı üzrə təqsirləndirilən şəxs qismində keçir. Bildirilir ki, ona əvvəlcə rüşvətdə vasitəçilik ittihamı irəli sürülsə də, sonradan ittiham dələduzluq maddəsinə tövsif edilib.
Şıxlinski və Səfərovlarla bağlı iş 2025-ci ildə Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyatlardan sonra geniş rezonans doğurub və Azərbaycan-Rusiya münasibətlərində əlavə gərginlik yaradıb.