Rusiya Türkiyə gəmisini PUA ilə vurdu

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Odessa vilayətindən Türkiyəyə hərəkət edən Vanuatu bayraqlı, Türkiyə sahibinə məxsus “ANT” yük gəmisini PUA ilə vurduğunu bildirib. Hücum nəticəsində iki ekipaj üzvü yaralanıb.

25

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Odessa vilayətindəki limanlardan birindən Türkiyəyə doğru hərəkət edən quru yük gəmisinə PUA ilə zərbə endirdiyini bildirib.

Ukrainska Pravda” xəbər verir ki, hücum mayın 28-dən 29-na keçən gecə baş verib. Məlumata görə, Vanuatu bayrağı altında üzən və Türkiyə şirkətinə məxsus “ANT” adlı quru yük gəmisi Odessa vilayətindəki limanlardan birindən Türkiyəyə doğru hərəkət edərkən dron hücumuna məruz qalıb.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilir ki, zərbə gəminin üst tikilisinə dəyib və nəticədə yanğın başlayıb. Dəniz axtarış-xilasetmə xidməti və Ukrayna Hərbi Dəniz Qüvvələrinin koordinasiyalı fəaliyyəti nəticəsində yanğın qısa müddətdə lokallaşdırılıb.

Ukrinform”un məlumatına görə, hücum nəticəsində ekipajın iki üzvü yaralanıb. Onlar Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus katerlərlə təxliyə edilərək tibb müəssisəsinə çatdırılıb.

Türkiyə Xarici İşlər Nazirliyi də hadisə ilə bağlı açıqlama yayıb. “Euronews Türkçe”nin məlumatına görə, nazirlik Vanuatu bayraqlı və Türkiyə sahibinə məxsus gəminin mayın 28-də pilotsuz uçuş aparatının hücumuna məruz qaldığını, ekipaj üzvlərindən iki Türkiyə vətəndaşının yüngül yaralandığını bildirib.

Ankara yaralıların vəziyyətinin Türkiyənin Odessadakı Baş Konsulluğu tərəfindən yaxından izlənildiyini açıqlayıb. Türkiyə XİN həmçinin Qara dənizdə müharibə ilə bağlı eskalasiyanın region üçün ciddi risklər yaratdığını vurğulayıb və bütün tərəfləri münaqişənin nəzarətsiz şəkildə genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

BirGün” Türkiyə XİN-in açıqlamasına istinadən yazır ki, Ankara Qara dənizdə mülki gəmilərin naviqasiya təhlükəsizliyinin qorunması və müharibənin danışıqlar yolu ilə dayandırılması ilə bağlı çağırışlarının qüvvədə qaldığını bildirib.

Hadisə Qara dənizdə mülki gəmilərə qarşı risklərin artdığı dövrə təsadüf edir. “Reuters” mayın 28-də Türkiyənin şimal sahilləri yaxınlığında üç tankerin dron hücumuna məruz qaldığı barədə məlumat yaymışdı. Agentlik həmin hücumlara görə heç bir tərəfin məsuliyyəti üzərinə götürmədiyini qeyd etmişdi.

Ukrayna tərəfi “ANT” gəmisinə zərbəni Rusiyanın beynəlxalq dəniz daşımalarına və mülki kommersiya gəmilərinə qarşı təhlükə yaratmasının növbəti nümunəsi kimi qiymətləndirib. Rusiya tərəfindən hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.