Trampın portreti olan 250 dollarlıq əskinas müzakirə olunur

ABŞ administrasiyası Donald Trampın portreti ilə 250 dollarlıq yubiley banknotu hazırlamaq istəyir. Lakin mövcud qanun canlı şəxslərin ABŞ valyutasında təsvirini qadağan edir.

24

ABŞ prezidenti Donald Trampın təsviri olan 250 dollarlıq yeni əskinasın hazırlanması Vaşinqtonda müzakirə mövzusuna çevrilib.

The Washington Post” yazır ki, Tramp administrasiyasına bağlı rəsmilər ABŞ Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Qravür və Çap Bürosuna prezidentin portreti ilə 250 dollarlıq banknot dizaynı hazırlamaq üçün təzyiq göstəriblər. Layihənin ABŞ-ın müstəqilliyinin 250 illiyi — 4 iyul 2026-cı il tarixinə qədər hazır edilməsi istənilir.

Associated Press”in məlumatına görə, ABŞ maliyyə naziri Skott Bessent belə bir əskinas üçün ilkin dizaynın hazırlandığını təsdiqləyib. Lakin o bildirib ki, məsələ ilə bağlı son qərar Konqresdən asılıdır və Maliyyə Nazirliyinin addımları yalnız hazırlıq xarakteri daşıyır.

Məlumata əsasən, 250 dollarlıq əskinas ideyası ABŞ-ın 250 illik yubileyi ilə əlaqələndirilir. Respublikaçı konqresmen Co Uilson daha əvvəl bu məqsədlə qanun layihəsi təqdim edib. Həmin layihə qəbul edilərsə, Trampın portreti xüsusi yubiley banknotunda istifadə oluna bilər.

Bununla belə, təşəbbüs ciddi hüquqi maneə ilə üzləşir. ABŞ qanunvericiliyinə görə, milli valyuta və dövlət qiymətli kağızlarının üzərində yalnız vəfat etmiş şəxslərin portreti yerləşdirilə bilər. ABŞ Nümayəndələr Palatasının rəsmi hüquqi bazasında dərc edilən 31 USC 5114 maddəsində açıq şəkildə qeyd olunur ki, ABŞ valyutası və qiymətli kağızlarında yalnız vəfat etmiş şəxsin portreti istifadə edilə bilər.

The Guardian” yazır ki, bu qadağa XIX əsrdən qüvvədə olan ənənəvi qaydaya söykənir və canlı şəxslərin ABŞ pul nişanlarında təsvir olunmasının qarşısını alır. Buna görə də Trampın portreti olan əskinasın dövriyyəyə buraxılması üçün Konqresin qanuna dəyişiklik etməsi tələb olunacaq.

Time” nəşrinin məlumatına görə, təqdim olunan maketdə Trampın portreti, imzası və ABŞ-ın 250 illik yubileyinə aid simvollar yer alır. Dizaynın britaniyalı rəssam İen Aleksander tərəfindən hazırlandığı bildirilir.

Təşəbbüs ABŞ-da siyasi mübahisələrə səbəb olub. Tənqidçilər hazırkı prezidentin öz portretini milli valyuta üzərində görmək istəməsini siyasi ənənələrə zidd hesab edirlər. Demokratlar bunu şəxsi imicin dövlət simvolları üzərində irəli çəkilməsi kimi qiymətləndirirlər. Respublikaçılar isə layihəni ABŞ-ın tarixi yubileyi ilə bağlı rəmzi addım kimi təqdim edirlər.

Hazırda 250 dollarlıq əskinasın buraxılması barədə yekun qərar yoxdur. Qanun dəyişmədiyi halda Trampın və ya hər hansı digər sağ şəxsin portretinin ABŞ valyutası üzərində yerləşdirilməsi mümkün deyil.