Rumıniyanın Ukrayna sərhədinə yaxın yerləşən Qalați şəhərində Rusiya pilotsuz uçuş aparatı çoxmərtəbəli yaşayış binasına düşüb. Hadisə nəticəsində iki nəfər yüngül xəsarət alıb.
“Reuters” xəbər verir ki, insident mayın 29-na keçən gecə Rusiyanın Ukraynanın Dunay çayı sahilindəki mülki və infrastruktur obyektlərinə dron hücumları fonunda baş verib. Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, dron ölkənin hava məkanına daxil olduqdan sonra radarlar vasitəsilə Qalați şəhərinin cənub hissəsinə qədər izlənilib və yaşayış binasının damına düşüb.

Zərbədən sonra partlayış və yanğın baş verib. Rumıniyanın fövqəladə hallar xidmətinin məlumatına əsasən, yanğın binanın 10-cu mərtəbəsində yerləşən mənzildə başlayıb. İki nəfər xəstəxanaya aparılıb, onlarla sakin isə binadan təxliyə edilib.
“Agerpres” yazır ki, hadisə zamanı Feteşti aviabazasından iki F-16 qırıcısı havaya qaldırılıb və onları hərbi helikopter müşayiət edib. Pilotlara hava məkanını pozan hədəfləri vurmaq səlahiyyəti verilsə də, dron şəhər ərazisinə düşdüyü üçün onun təhlükəsiz şəkildə məhv edilməsi mümkün olmayıb.
Rumıniya Müdafiə Nazirliyi ilkin məlumatlara əsasən, dronun Rusiya istehsalı “Geran-2” tipli olduğunu və onun döyüş başlığının zərbə zamanı tam partladığını bildirib. Bununla belə, qurum hadisəni Rumıniyaya qarşı birbaşa hücum kimi yox, sərhəd yaxınlığında gedən müharibənin təhlükəli nəticəsi kimi qiymətləndirib.
“Associated Press” qeyd edir ki, Rumıniya son illərdə Rusiya dronlarının hava məkanını pozması və dron qalıqlarının ölkə ərazisində aşkarlanması halları ilə dəfələrlə üzləşib. Lakin Qalați hadisəsi müharibə başlayandan bəri Rumıniyada yaşayış binasına zərər dəyməsi və insanların xəsarət alması baxımından ən ciddi insidentlərdən biri sayılır.
NATO və Avropa İttifaqı hadisəni kəskin şəkildə pisləyib. NATO baş katibi Mark Rutte Rumıniya ilə həmrəy olduqlarını və alyansın bütün müttəfiq ərazilərini müdafiə etməyə hazır olduğunu bildirib. Rumıniya Xarici İşlər Nazirliyi isə Rusiya səfirini çağırıb və hadisəni beynəlxalq hüququn ciddi pozuntusu adlandırıb.
Qalați şəhəri Ukraynanın Reni və İzmail limanlarına yaxın yerləşir. Bu ərazilər müharibə dövründə Rusiya dronlarının mütəmadi hücumlarına məruz qalan əsas logistika və liman zonaları sırasındadır.