İspaniyanın paytaxtı Madriddə baş nazir Pedro Sançesin istefası tələbi ilə kütləvi nümayiş keçirilib.
“Reuters”in məlumatına görə, mayın 23-də on minlərlə insan şəhərin mərkəzinə toplaşaraq hökumət ətrafında artan korrupsiya qalmaqallarına etiraz edib və Sançesin vəzifədən getməsini tələb edib. Aksiya “March for Dignity” — “Ləyaqət yürüşü” şüarı altında keçirilib.

Etirazı “Spanish Civil Society” adlı təşkilat keçirib. Aksiyada müxalif Xalq Partiyasının və sağçı “Vox” partiyasının liderləri də iştirak ediblər. Nümayişçilər İspaniya bayraqları və hökuməti korrupsiyada ittiham edən plakatlarla yürüş ediblər. Təşkilatçılar aksiyada təxminən 80 min nəfərin iştirak etdiyini bildiriblər, rəsmi qurumlar isə iştirakçı sayını 40 min civarında qiymətləndirib.

Aksiya zamanı bir qrup etirazçı baş nazirin iqamətgahı olan Monkloa sarayı yaxınlığındakı baryerləri aşmağa çalışıb. Polis üç maskalı şəxsi saxlayıb, toqquşmalar zamanı azı yeddi polis əməkdaşının yaralandığı bildirilib. Bununla belə, yürüşün əsas hissəsinin dinc keçdiyi qeyd olunur.
Etirazlar Sançes hökuməti və onun yaxın çevrəsi ilə bağlı bir neçə qalmaqal fonunda baş tutub. Baş nazirin həyat yoldaşı Beqonya Qomes korrupsiya, təsir alveri və dövlət vəsaitlərindən sui-istifadə iddiaları üzrə araşdırmanın mərkəzindədir. Qomes ittihamları rədd edir, Sançes isə işi siyasi motivli kampaniya adlandırır.
Sançesə qarşı siyasi təzyiq yalnız həyat yoldaşı ilə bağlı işlə məhdudlaşmır. Onun qardaşı David Sançesin təsir alveri işi üzrə məhkəmə qarşısına çıxacağı, keçmiş nəqliyyat naziri Xose Luis Abalosun isə ayrıca korrupsiya qalmaqalı ilə gündəmdə olduğu bildirilir. Bundan başqa, keçmiş baş nazir Xose Luis Rodriges Sapatero da “Plus Ultra” aviaşirkətinə ayrılmış dövlət yardımına dair istintaqın hədəfinə çevrilib və ittihamları rədd edir.
Sançes hökuməti isə korrupsiya ittihamlarının müxalifət və sağçı qruplar tərəfindən siyasi alətə çevrildiyini bildirir. Baş nazir daha əvvəl həyat yoldaşı ilə bağlı araşdırmaya görə istefa ehtimalını nəzərdən keçirsə də, 2024-cü ildə vəzifəsində qalacağını açıqlamışdı.
Madriddəki son etiraz İspaniyada 2027-ci il seçkiləri ərəfəsində siyasi gərginliyin daha da artdığını göstərir. Müxalifət Sançes hökumətini şəffaflıq və hesabatlılıqdan yayınmaqda ittiham edir, hakim Sosialist Partiyası isə istintaqların nəticəsi çıxmadan siyasi hökm verilməsinin doğru olmadığını bildirir.