Böyük Britaniyanın müdafiə naziri Con Hilinin olduğu Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Rusiya sərhədi yaxınlığında GPS siqnalının boğulduğu bildirilir. Hadisə Hilinin Estoniyada britaniyalı hərbçilərə səfərindən sonra Böyük Britaniyaya qayıtdığı zaman baş verib.
Bu barədə ilk olaraq “The Times” məlumat yayıb, daha sonra xəbəri “Sky News”, “The Guardian” və digər media qurumları da təsdiqləyib.
Məlumata görə, insident Hilinin Estoniyadan qayıtdığı təxminən üç saatlıq uçuş zamanı qeydə alınıb. Təyyarənin GPS sistemi sıradan çıxıb, sərnişinlərin smartfon və noutbukları internetə qoşula bilməyib. Pilotlar uçuşu davam etdirmək üçün alternativ naviqasiya sistemlərindən istifadə ediblər. Sərnişinlərə isə Dassault Falcon 900LX tipli təyyarənin təhlükəsiz şəkildə uçuşu davam etdirə bildiyi bildirilib.
Britaniya müdafiə mənbələri insidenti “ehtiyatsız Rusiya müdaxiləsi” kimi qiymətləndirib. Bununla belə, Con Hilinin şəxsən hədəfə alınıb-alınmadığı hələlik məlum deyil. Mətbuat yazır ki, hökumət təyyarəsinin marşrutu açıq uçuş izləmə saytlarında görünürdü.
Hili Estoniyaya səfəri zamanı Tallində müdafiə rəsmiləri ilə görüşüb və bölgədəki britaniyalı hərbçilərə baş çəkib. Səfər NATO-nun şərq cinahında təhlükəsizlik tədbirlərinin gücləndirildiyi və Rusiyanın regiondakı fəaliyyətləri ilə bağlı narahatlıqların artdığı dövrə təsadüf edib.
Bu, Britaniya rəsmilərinin olduğu təyyarəyə qarşı ilk belə insident deyil. 2024-cü ilin martında Böyük Britaniyanın o vaxtkı müdafiə naziri Qrant Şappsın olduğu RAF təyyarəsinin GPS siqnalı da Rusiya ərazisi yaxınlığında təxminən 30 dəqiqəlik müdaxiləyə məruz qalmışdı. Son hadisə Baltik regionunda GPS və peyk siqnallarının boğulması ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.