ABŞ prezidenti Donald Tramp İranla mümkün razılaşma fonunda bir neçə müsəlman və ərəb ölkəsini İsraillə münasibətləri normallaşdıran “İbrahim razılaşmaları”na qoşulmağa çağırıb.
“Axios” iki ABŞ rəsmisinə istinadən yazır ki, Tramp Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderləri ilə telefon danışığında İranla müharibəyə son qoyulacağı halda regionda növbəti addımın İsraillə daha geniş əməkdaşlıq olmalı olduğunu bildirib.
Məlumata görə, Tramp liderlərə İsrailin baş naziri Benyamin Netanyahu ilə ayrıca danışacağını və gələcəkdə İsrailin də bu cür çoxtərəfli müzakirələrə qoşulmasına ümid etdiyini deyib. ABŞ prezidentinin əsas hədəflərindən biri Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması prosesini canlandırmaqdır. Bununla belə, Səudiyyə Ərəbistanının Fələstin dövləti ilə bağlı aydın yol xəritəsi olmadan belə addıma ehtiyatla yanaşdığı bildirilir.
“Reuters” yazır ki, Tramp İranla razılaşmanı “Avraam razılaşmaları”nın genişləndirilməsi ilə əlaqələndirərək Səudiyyə Ərəbistanı, Qətər, Pakistan, Türkiyə, Misir və İordaniya kimi ölkələrin bu prosesə qoşulmasını istəyib. Agentliyin məlumatına görə, Pakistan Trampın bu təklifini rədd edib, digər ölkələr isə hələlik ictimai şəkildə yekun mövqe açıqlamayıb.
Danışıq zamanı xüsusilə İsraillə diplomatik münasibətləri olmayan Səudiyyə Ərəbistanı, Qətər və Pakistan nümayəndələrinin təklifə təəccüb və sükutla reaksiya verdiyi bildirilir.
“Times of Israel” yazır ki, xəttdə sükut yaranandan sonra Tramp zarafatla liderlərdən “hələ buradasınız?” deyə soruşub.
“İbrahim razılaşmaları” 2020-ci ildə ABŞ vasitəçiliyi ilə İsrailin bir sıra ərəb və müsəlman ölkələri ilə münasibətlərini normallaşdırması prosesinə verilən addır. ABŞ Dövlət Departamentinin rəsmi səhifəsində İsrailin BƏƏ, Bəhreyn, Mərakeş və Sudanla bağlı sənədləri bu çərçivədə təqdim olunur.
Trampın bu təşəbbüsü İranla bağlı daha geniş diplomatik prosesin bir hissəsi kimi təqdim olunur. Lakin müşahidəçilər hesab edirlər ki, İranla mümkün saziş, İsrailin təhlükəsizlik tələbləri, Fələstin məsələsi və ərəb ölkələrinin daxili siyasi məhdudiyyətləri bu planın reallaşmasını çətinləşdirə bilər.