ABŞ-da İvanka Trampa qarşı sui-qəsd planı ilə bağlı yeni iddialar gündəmə gəlib. “New York Post” nəşri mənbələrə istinadən yazır ki, 32 yaşlı İraq vətəndaşı Məhəmməd Baqir Səad Davud əl-Səadi ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampı hədəfə almağı planlaşdırıb. Nəşrin məlumatına görə, şübhəli şəxs İran İslam İnqilabı Keşikçiləri Korpusu — SEPAH və İrana bağlı “Kətaib Hizbullah” qruplaşması ilə əlaqəli olmaqda ittiham edilir.

Məlumata görə, mümkün sui-qəsd planının motivi 2020-ci ildə ABŞ dron zərbəsi nəticəsində SEPAH-ın “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə qisas kimi göstərilir. “New York Post” yazır ki, əl-Səadinin İvanka Trampın Floridadakı iqamətgahının planına malik olduğu və həmin obyektlə bağlı izləmə apardığını bildirdiyi iddia olunur.
“Reuters”-in ABŞ Ədliyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, əl-Səadi ABŞ-a gətirilib və ona qarşı altı terrorla bağlı ittiham irəli sürülüb. Prokurorlar onu İrana bağlı “Kətaib Hizbullah” qruplaşmasının yüksək rütbəli üzvü olmaqda və xarici terror təşkilatına maddi dəstək göstərməkdə ittiham edirlər.
ABŞ prokurorluğunun iddiasına əsasən, əl-Səadi Avropa və ABŞ-da amerikalı və yəhudi hədəflərinə qarşı təxminən 20 hücum və hücum cəhdinin koordinasiyasında və ya dəstəklənməsində iştirak edib. “Reuters” yazır ki, bu iddialar arasında ABŞ ərazisində qətl planları, eləcə də Nyu-York, Kaliforniya və Arizona ştatlarında mümkün hədəflərlə bağlı müzakirələr də yer alır.
Şübhəlinin mayın 15-də Türkiyədə saxlandığı və daha sonra ABŞ-a təhvil verildiyi bildirilir. ABŞ rəsmiləri onun xaricdə nəzarətə götürüldüyünü, ABŞ-a gətirildiyini və məhkəmə qarşısına çıxarıldıqdan sonra məhkəməyədək həbsdə saxlanılmasına qərar verildiyini açıqlayıblar.
ABŞ hökuməti və müstəqil ekspertlər “Kətaib Hizbullah”ın SEPAH-ın göstərişi ilə fəaliyyət göstərdiyini bildirirlər. Əl-Səadinin vəkili isə ittihamların mahiyyəti barədə danışmaq üçün hələ tez olduğunu bildirib və “tələsik hökm verməməyə” çağırıb. Müdafiə tərəfi onun təkadamlıq kamerada saxlanılması ilə bağlı narahatlığını ifadə edib.
Hazırkı mərhələdə İvanka Trampa qarşı sui-qəsd planı ilə bağlı detallar əsasən “New York Post”un mənbələrinə əsaslanan məlumatlar kimi təqdim olunur. Rəsmi ittihamlar isə əl-Səadinin ABŞ və Avropada İrana bağlı silahlı şəbəkə çərçivəsində terror hücumlarını dəstəkləməsi və koordinasiya etməsi iddialarını əhatə edir. Şübhəlinin təqsiri məhkəmə qərarı ilə sübut olunmayana qədər o, hüquqi baxımdan təqsirsiz sayılır.