Pakistan vasitəçiliyi ABŞ–İran danışıqlarını irəli aparıb

"CBS News"-un məlumatına görə, Pakistanın daxili işlər naziri Möhsin Naqvinin Tehrandakı görüşləri ABŞ–İran danışıqlarında irəliləyiş yaradıb. Bu prosesə Pakistan ordusunun rəhbəri Asim Munir də qoşulub.

37

Pakistanın daxili işlər naziri Möhsin Naqvinin Tehranda keçirdiyi görüşlər ABŞ və İran arasında dolayı danışıqların “vacib istiqamətdə” irəliləməsinə imkan yaradıb.

“CBS News” yüksək rütbəli Pakistan rəsmisinə istinadən yazır ki, məhz bu irəliləyişdən sonra Pakistan ordusunun qərargah rəisi, feldmarşal Asim Munir prosesə daha yüksək səviyyədə qoşulmaq üçün Tehrana yollanıb.

CBS-in məlumatına görə, Munir Tehranda yüksək vəzifəli İran rəsmiləri ilə görüşlərdə regional və beynəlxalq məsələləri, o cümlədən Pakistanın vasitəçiliyi ilə davam edən ABŞ–İran danışıqlarını müzakirə etməli idi. Pakistan rəsmiləri bildiriblər ki, İslamabad Vaşinqton və Tehran arasında müharibənin dayandırılması üçün vasitəçilik səylərini son günlər daha da intensivləşdirib.

Daha sonra Pakistan ordusunun media qanadı ISPR görüşləri “qısa, lakin yüksək məhsuldar” adlandırıb. Açıqlamada danışıqların “müsbət və konstruktiv mühitdə” keçdiyi, son 24 saatda yekun anlaşmaya doğru “ümidverici irəliləyiş” əldə olunduğu bildirilib. Munirin Tehranda İran Prezidenti Məsud Pezeşkian, parlament sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və daxili işlər naziri İskəndər Möməni ilə görüşdüyü qeyd olunub.

Munirin Tehrana gəlişi də ayrıca diqqət çəkib. CBS yazır ki, Pakistan ordusunun rəhbərini İranın daxili işlər naziri İskəndər Möməni qarşılayıb. Bu, Tehranın Pakistan vasitəçiliyinə verdiyi siyasi əhəmiyyəti göstərən diplomatik jest kimi qiymətləndirilir.

Danışıqların əsas mövzularından biri Hörmüz boğazı və İran limanlarına tətbiq olunan blokada ilə bağlıdır. CBS-in məlumatına görə, ABŞ tərəfi son təklifdə Hörmüz boğazının yenidən açılması, İranın xarici banklarda dondurulmuş bəzi aktivlərinin azad edilməsi və danışıqların davam etdirilməsi məsələlərinin yer aldığını bildirir. Prezident Donald Tramp isə CBS-ə müsahibəsində yalnız “istədiyimiz hər şeyi əldə etdiyimiz” halda razılaşma imzalayacağını deyib.

ABŞ dövlət katibi Marko Rubio da danışıqlarda müəyyən irəliləyiş olduğunu təsdiqləyib, lakin ehtiyatlı danışıb. Onun sözlərinə görə, razılaşma üçün əsas şərtlər İranın nüvə silahı əldə etməsinin qarşısının alınması, Hörmüz boğazının rüsumsuz açılması və zənginləşdirilmiş uranın taleyinin Vaşinqtonu qane edəcək şəkildə həll olunmasıdır.

İran tərəfi isə ilkin mərhələdə nüvə məsələsinin müzakirə predmeti olmadığını bildirir. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi dövlət televiziyasına açıqlamasında Tehranın hazırda əsas prioritetinin “bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dayandırılması” olduğunu deyib. Onun sözlərinə görə, nüvə dosyesi sonrakı mərhələdə ayrıca müzakirə olunacaq.