Hindistanda “Tarakanlar partiyası” viral oldu

Hindistanda “Cockroach Janta Party” adlı satirik gənclər hərəkatı bir neçə gün ərzində milyonlarla izləyici toplayaraq hakim BJP-ni Instagram-da geridə qoyub.

Hindistanda “Cockroach Janta Party” — “Tarakanlar Xalq Partiyası” adlı satirik sosial media hərəkatı qısa müddətdə ölkənin ən çox müzakirə olunan siyasi fenomenlərindən birinə çevrilib.

“Reuters”in məlumatına görə, cəmi bir neçə gün əvvəl yaradılan hərəkat “Instagram”-da təxminən 15 milyon izləyici toplayaraq hakim Bharatiya Janata Party — Hindistan Xalq Partiyasını geridə qoyub. Müqayisə üçün, BJP-nin “Instagram” izləyicilərinin sayı 9 milyondan az göstərilir.

Hərəkat özünü “tənbəl və işsizlərin səsi” kimi təqdim edir. “Cockroach Janta Party”nin təsisçisi, 30 yaşlı Abhijeet Dipke “Reuters”-ə bildirib ki, təşəbbüs Hindistanın Baş hakimi Surya Kantın bəzi işsiz gəncləri “tarakanlar”la müqayisə edən qalmaqallı fikirlərindən sonra yaranıb. Dipkenin sözlərinə görə, bu hərəkat Hindistanda siyasi diskursu dəyişmək və gənclərin işsizlik, inflyasiya, media azadlığı, təhsil problemləri və gender bərabərliyi kimi məsələlərini gündəmə gətirmək məqsədi daşıyır.

Qalmaqala səbəb olan açıqlama mayın 15-də Ali Məhkəmədə keçirilən dinləmə zamanı səslənib. The Indian Express” yazır ki, Surya Kant hüquq sahəsində iş tapa bilməyən bəzi gəncləri “tarakanlar”a bənzədib və onların bir qisminin media, sosial media, RTI fəallığı və digər aktivizm formaları vasitəsilə “sistemə hücum etdiyini” deyib. Daha sonra baş hakim fikirlərinin ümumilikdə gənclərə deyil, saxta diplom və qeyri-qanuni yollarla peşəyə daxil olan şəxslərə aid olduğunu bildirib.

“Cockroach Janta Party”nin sürətli yüksəlişi Hindistanda gənclər arasında artan narazılığın göstəricisi kimi qiymətləndirilir. Hərəkatın üzvlüyü üçün açılan “Google” forması vasitəsilə 400 mindən çox insan qeydiyyatdan keçib, onların 70 faizdən çoxu 19-25 yaş aralığındadır. Hindistanda 15-29 yaşlılar arasında işsizlik səviyyəsinin ümumi göstəricidən xeyli yüksək olması, bahalaşma və gənclərin gələcəklə bağlı narahatlığı bu kampaniyanın populyarlaşmasına təkan verib.

Hərəkatın “X” hesabı isə Hindistanda bloklanıb. Scroll.in” yazır ki, “Cockroach Janta Party”nin “X” hesabı hüquqi tələb əsasında məhdudlaşdırılıb. Bloklanmadan əvvəl hesabın 200 mindən çox izləyicisi var idi. Dipke bu qərarı “hakimiyyətin öz qapısına vurduğu qol” adlandırıb və “niyə bizdən bu qədər qorxurlar?” sualını verib.

Satirik hərəkat Hindistan müxalifətinin də diqqətini çəkib. Konqres Partiyasının deputatı Şaşi Tarur “Cockroach Janta Party”nin “X” hesabının bloklanmasını “fəlakətli və çox ağılsız addım” adlandırıb. O bildirib ki, demokratiyalarda etiraz, yumor, satira və gənclərin narazılığını ifadə etməsi üçün kanallar olmalıdır.

Hazırda “Tarakanlar partiyası” rəsmi siyasi partiyadan çox, satirik və etiraz xarakterli rəqəmsal hərəkat kimi qiymətləndirilir. Lakin onun qısa müddətdə milyonlarla izləyici toplaması Hindistanda gənclərin siyasi narazılığının yeni, internet əsaslı formada ifadəsi kimi diqqət çəkir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.