Rusiyalı paraalpinist Rüstəm Nabiyev dünyanın ən hündür zirvəsi olan Everestə qalxıb. “Everest Chronicle” nəşri Nepal Turizm Departamentinə istinadən yazır ki, hər iki ayağını itirmiş Nabiyev 8848,86 metr hündürlüyə malik zirvəyə protezsiz, yalnız qollarının və buz baltalarının köməyi ilə çıxan ilk şəxs olub.
Məlumata görə, Nabiyevin zirvəyə yolu Everestin 5364 metr hündürlükdə yerləşən baza düşərgəsindən başlayıb. O, mayın 14-də 34 yaşını məhz baza düşərgəsində qarşılayıb və həmin gün saat 18:00-da zirvəyə doğru hərəkətə başlayıb. “Mountain.RU” yazır ki, Nabiyev Xumbu buzlağını qolları ilə 15 saata keçərək birinci düşərgəyə çatıb.
Nabiyev mayın 20-də Everest zirvəsinə çatıb. Bu tarix Nepal tərəfdən Everestə rekord sayda alpinistin qalxdığı günə təsadüf edib. Həmin gün Nepal marşrutu üzrə 274 nəfər zirvəyə çıxıb və bu, bir gün üçün rekord göstərici sayılıb.
Rüstəm Nabiyev 2015-ci ildə Omskda hərbi xidmət zamanı kazarmanın uçması nəticəsində ağır xəsarət alıb və hər iki ayağını itirib. “Karta geroev” layihəsinin məlumatına görə, hadisə 2015-ci il iyulun 12-də baş verib; Nabiyev həmin vaxt kazarmada olub və binanın qismən uçması nəticəsində dağıntılar altında qalıb.
“KP-Ufa” yazır ki, Nabiyev dağıntılar altında bir neçə saat qalıb, kliniki ölüm keçirib və sonradan hər iki ayağı amputasiya olunub. Buna baxmayaraq, o, reabilitasiyadan sonra idmana qayıdıb və paraalpinist kimi böyük zirvələrə qalxmağa başlayıb.
Everestdən əvvəl Nabiyev Elbrus, Manaslu, Ararat, Kazbek, Kilimancaro, Akonkaqua və digər zirvələri fəth edib. “Vesti”nin məlumatına görə, o, Everest zirvəsində “Yıxıldıqdan sonra həyatın bitdiyini düşünənlərə” yazılı lövhə qaldırıb.